Əli Həsənovun rəqəmləri ilə reallıq arasında böyük uçurum
19:14 04-07-2013
İQTİSADİYYAT
Əli Həsənovun rəqəmləri ilə reallıq arasında böyük uçurum
“Qaçqınkom” sədrinin dediklərinə şübhə ilə yanaşmaq üçün daha bir fakt
Bu yaxınlarda Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin, qısaca desək, “Qaçqınkom”un sədri Əli Həsənov maraqlı rəqəmlər səsləndirdi. Komitə sədri bəyan etdi ki, Azərbaycanda 1 milyon yox, 1 milyon 200 min qaçqın və məcburi köçkünü var.
Onun sözlərinə görə, Azərbaycanda təkcə keçən il hər bir qaçqın və məcburi köçkünə 1300 dollar vəsait sərf olunub. “Bu dünyanın bütün konflikt zonalarında ən yüksək rəqəmdir. Dünyanın heç bir konflikt zonasında 1 nəfər üçün bu qədər rəqəm xərclənmir. Hələ bu tək bir nəfər üçün sərf olunan rəqəmdir, elə ümumi xərclər var ki, bura daxil deyil. Bütövlükdə il ərzində qaçqın və məcburi köçkünlərin xərcləri ötən il 300 milyon manata başa gəlib. Bu il isə 600 milyon sərf olunur. Son 20 ildə isə 5,4 milyard dollar xərclənib” deyə Həsənov bildirib.
Əksər müstəqil ekspertlər və KİV-lər isə hesab edirlər ki, Əli Həsənovun açıqladığı rəqəmlər statistika kimi maraqlı ola bilər, amma həmin rəqəmlərlə reallıq arasında dərin uçurum var. Söhbət ilk növbədə ayrılan vəsaitin həcmindən yox, onun nə qədər təyinatı üzrə xərcləndiyindən, şəffaf istifadə olunduğundan, korrupsiya predmetinə çevrilmədiyindən gedir.
Məsələ burasındadır ki, “Qaçqınkom” sədri dövlətdən ayrılan iri məbləğlər haqqında alovlu şəkildə danışır, amma bu qədər vəsait ayrılmasına rəğmən, az qala hər dəfə paytaxtda və ya hansısa rayonda qaçqınların öz sosial durumlarından, üzləşdikləri iqtisadi problemlərdən bezib çeşidli aksiyalar keçirməsindən danışmır. Belədə sual yaranır: niyə vəsaitlər artdıqca, narazılıqlar, şikayətlər də artır? Elə bu nonsensin özü ayrılan vəsaitlərin önəmli hissəsinin mənimsəmə predmetinə çevrildiyini söyləmək üçün əsas vermirmi?
Dediklərimizin rəsmi isbatı da var. Belə ki, kommunal təsərrüfatın ödənilməsi və qida məhsullarının satın alınması zamanı da dövlət büdcəsindən xeyli vəsaitin korrupsiya yeminə çevrilməsi məlumdur. Hesablama Palatası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKDK) 2012-ci il fəaliyyətini təftiş edərkən, bu istiqamətdə böyük mənimsəmə faktları aşkara çıxarıb. Belə ki, 2012-ci ilin hesabatına görə, QMKDK ötən il respublika üzrə 555 min 475 nəfər məcburi köçkün elektrik enerjisi, 352 min 625 nəfə köçkünü təbii qazla, 526 min 510 nəfəri su ilə təzhiz edib. Qeyd olunan işlərlə yanaşı, audit zamanı bir sıra nöqsanlara da yol verildiyi müəyyən edilib.
Belə ki, təsdiq olunan limitdən artıq xərclər meydana çıxıb. Aparılan maliyyə-təsərrüfat əməliyyatlarının nəticələrini əks etdirən göstəricilər bir sıra hallarda mühasibat sənədlərində düzgün əks etdirilməyib. Alınan malların (iş və xidmətlərin) ehtimal olunan qiyməti mövcud normativ sənədlərin tələblərinə uyğun sənədləşdirilməyib. Məcburi köçkünlər üçün alınan qida və qeyri-qida məhsullarının, preparatların mənşəyi bilinmədiyi məlum olub. Tender zamanı əksər hallarda eyni təşkilat qalib olub, maddi-texniki bazası və ixtisas uyğunluğu olmayan şirkətlərlə birbaşa müqavilə bağlanıb.
Bundan əlavə, bir sıra istehlakçıların dəqiq siyahıları və onlar tərəfindən istifadə edilmiş kommunal xidmət xərclərinin məbləği düzgün hesablanmayıb. “Bakıelektrikşəbəkə” ASC-yə ödənilən vəsait müvafiq qaydada təsdiq edilmiş istehlakçı sayına uyğun deyil, kommunal təşkilatın təqdim etdiyi saya uyğun aparılmayıb. Kommunal xidmətlərin ödənişi zamanı bəzi rayonlar üzrə məcburi köçkünlərin dislokasiya sayı artıq göstərilib. Bəzilərinin adı, hətta, bir neçə ərazi üzrə qeydiyyatda göstərilib. Yeni salınmış qəsəbələrdə məcburi köçkünlərin sayının dəqiq aparılmaması nəticəsində dövlət büdcəsindən kommunal təşkilatlara 22 hal üzrə artıq vəsait ödənilib. Dövlət büdcəsindən su və kanalizasiya haqlarının ödənişi zamanı bəzi rayonlar üzrə məskunlaşmamış qaçın və məcburi köçkünlərin həm “Azərsu”ya, həm də rayon kommunal təşkilatlarına təqdim edilən siyahılarda təkrarlanması faktları mövcuddur.
Hesablma Palatası daha bir maraqlı fakt ortaya çıxarıb ki, bəzi rayonlarda elektrik enerjisi ilə təmin olunmuş məcburi köçkünlərin sayı ilə su, kanalizasiya və məişət tullantılarının daşınması xidmətləri üzrə ödənişi aparılmış say arasında fərq var.
Məcburi köçkünlərin kompakt yaşadığı obyektlərin təmiri zamanı podratçı şirkətlərə artıq vəsaitin ödənildiyi, artıq yanacağın silindiyi, habelə təmir aparılan obyektlərin və satın alınan işlərin dəyərinin göstərilmədiyi məlum olub. Ödənişlər aparılarkən “Qaçqınkom” tərəfindən vergi yayınmaları aşkar edilib.
Hesablama Palatası “Qaçqınkom”da apardığı yoxlamalar zamanı 283,2 min manat büdcə “yeyintisi”, 267 min manat isə vergidən yayınma halı aşkarlayıb. Buna görə verilən cəza isə şiddətli töhmətlə yekunlaşıb.
Bu və digər halların ümumiləşdirməsi göstərir ki, Əli Həsənovun “Dünyanın heç bir konflikt zonasında 1 nəfər bu qədər rəqəm xərclənmir” sözləri hər nə qədər qulağa xoş səslənsə də, reallıq başqa şeyi deyir. Reallıq əslində ayrılan vəsaitlərin heç də hamısının qaçqın və məcburi köçkünlərə xərclənmədiyini, bir çox hallarda kimlərinsə cibinə getdiyini göstərir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23
2024-11-21 10:43:28
2024-11-21 09:53:21
2024-11-21 09:40:25
2024-11-21 09:14:32