Razim Məmmədov ölkə rəhbərliyinin iradəsinə qarşı
19:15 04-07-2013
İQTİSADİYYAT
Razim Məmmədov ölkə rəhbərliyinin iradəsinə qarşı
Seçki ilində Xətai rayonundan gələn şikayətlərin arası kəsilmir
Bu ilin seçki ili olması bir çox rayonlarda vətəndaşların yerli məmurlardan narazılığını nisbətən səngidib. Ötən saylarımızda da qeyd etdiyimiz kimi, bu, ölkə rəhbərliyinin seçki ili kimi həssas dönəmdə insanları incidərək onları hökumətdən narazı salmamaq yönündə göstərişləri ilə bağlıdır.
Amma belə çıxır ki, hələ də bir çox yerli məmurlar həmin göstərişlə hesablaşmır. Bu xüsusda son vaxtlar Xətai rayon İcra Hakimiyyətinin adı ön plana çıxır. Keçən saylarımızın birində rayonun icra başçısı Razim Məmmədovun seçki ilində odla oynadığını, vətəndaşların incidilməyə davam edilməsinin onun karyerasına zərbə ola biləcəyini yazmışdıq. Buna rəğmən Xətai rayonundan sakinlərin giley-güzarları, şikayətləri gəlməkdə davam edir.
Belə ki, dünən Bakı şəhəri Xətai rayonunun bir qrup sakini sosial problemlərlə bağlı mətbuat konfransı keçirib. Sakinlərin yaşadığı NZS qəsəbəsi, İlqar Həbibov küçəsi, 46 saylı 12 mənzildən ibarət 2 mərtəbəli ev qəzalı durumdadır.
Taxta konstruksiyalı, içi qamışla doldurulmuş bu ev XX sərin 30-cu illərində tikilib, 15 illik istifadə üçün yararlı sayılıb. 1945-ci idən istifadə müddətini başa vurub. Ustəlik, bu evdə 12 mənzil olsa da bir mənzildə 3-5 ailə yaşayır. 2000-ci ilin noyabr zəlzələsindən sonra ev ciddi deformasiyaya uğrayıb.
2012-ci ilin dekabrında qaz partlayışından sonra bina təməlinə qədər zədələnib. Partlayışa deformasiyadan sonra binada əmələ gələn çatlardan içəri dolan qaz sızması səbəb olub. Partlayışdan sonra külək əsəndə, ağır tonnajlı maşın hərəkət edəndə bina silkələnir, yağış mənzillərin içinə dolur. Belə bir ağır şəraitdə yaşayan sakinlər ötən 7 ay ərzində bütün idarəetmə orqanlarına müraciət etsələr də hər hansı nəticəyə nail ola bilməyiblər. Fövqəladə Hallar Nazirliyinin ekspertləri binanın qəzalı durumda olduğunu, bu binada yaşamağın sakinlərin həyatına real təhlükə yaratdığını şifahi şəkildə etiraf ediblər. Amma sakinlərə binanın qəzalı olması haqda yazılı rəy təqdim etməyiblər.
Müvafiq orqanlara çoxsaylı müraciətlər olsa da hər hansı cavab verilməyib. Binada yaşamaq təhlükəli olduğu üçün ailələr hər hansı bədbəxtliklə üzləşməmək üçün körpə uşaqları qohum-əqrəba evinə yerləşdirməyə məcbur olublar.
Belə duruma baxmayaraq, Xətai Rayon İcra Hakimiyyəti binanın təmirə yaramadığı haqda rəy verib. Sakinlər birmənalı olaraq bu rəyi əsassız sayırlar. Bir tərəfdən binanın qəzalı olmasını, digər tərəfdənsə istifadə müddətinin 70 il bundan əvvəl bitməsini əsas gətirən sakinlər rayon İcra Hakimiyyətini sakinlərin həyatı ilə oynamaqda ittiham ediblər. Ölkənin milyardlarla gəliri olduğu halda
30-40 ailənin ev probleminin 7 ay içində həllini tapa bilməməsi vətəndaşa sayğısızlıq və hörmətsizlik kimi dəyərləndirilib. Sakinlər həm də ev problemlərinin həlli üçün Xətai Rayon İcra Hakimiyyətinə müraciətlərinə görə rayon icra başçısı tərəfindən təhqirə məruz qaldıqlarını nəzərə çatdırıblar.
Sakinlər hökumətdən ya yeni ev ala bilmək üçün yetərli kompensasiya, ya şəhərin başqa yerində yeni evlə təmin olunmağı, ya da bu evin sökülüb yerində yeni tikiləcək binadan mənzillərin verilməsini tələb edirlər.
Bir daha xatırladaq ki, ölkə başçısı bu ilin fevralında keçirdiyi məşhur iclasda məmurların vətəndaşlara yuxarıdan aşağı baxmaq, onların problemlərinə laqeydlik nümayiş etdirmək kimi ciddi nöqsanlarını sərt tənqid etmiş, belə məmurlara xəbərdarlığını çatdırmış, vətəndaşları incitməməyi dönə-dönə tapşırmışdı.
Bundan başqa, yerli icra hakimiyyətlərinə seçki ilində vətəndaşları hökumətdən narazı salmamaq, onların problemlərinə həssas yanaşmaq barədə qeyri-rəsmi göstərişin verildiyi də məlumdur.
Bütün bunların fonunda Razim Məmmədovun icra başçısı olduğu Xətaidə sakinlərin şikayət və narazılıqlarının artan xətlə davam etməsi həm rayon rəhbərliyinin seçki ilində vətəndaşları narazı salmamaqla bağlı hökumətin iradəsinə tabe olmaması cəhdi, həm də bunun ya seçkiyədək, ya da seçkidən sonra Razim Məmmədovun görəvdən alınması üçün əsas kimi qiymətləndirilə bilər. Çünki əksər KİV-lərin iddiasına görə, belə hallara yol verən rayon rəhbərlərinin payızda keçiriləcək prezident seçkisinədək və ya seçkilərin başa çatmasından sonra ən müxtəlif formalarda cəzalandırılması ehtimalı yetərincə yüksəkdir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53