İsa Qəmbər Rüstəm İbrahimbəyov qarşıdurması
19:16 04-07-2013
İQTİSADİYYAT
İsa Qəmbər Rüstəm İbrahimbəyov qarşıdurması
Vahid namizədə inam yoxdur
Milli Şura vahid namizədini müəyyənləşdirdi və bu Rüstəm İbrahimbəyov oldu. Amma deyəsən qalmaqal elə bundan sonra başlayacaq. Çünki Rüstəm İbrahimbəyov vahid namizəd olsada Müsavat və Müsavata yaxın qüvvələr onun səmimiliyinə sona qədər inanmırlar. Sual oluna bilər ki, inam yox idisə hansı səbəbdən onun namizədliyini qəbul etdilər. Ekspertlər bildirir ki, Milli Şura formalaşan zaman AXCP ilə Rüstəm İbrahimbəyov tərəfdarları arasında gizli sövdələşmə olub.
Belə ki, "EL" hərəkatı, Ziyalılar Forumu və AXCP Milli Şurada üstünlüyü ələ alıblar. Nəticədə cəmiyyətdə belə rəy yaradıldı ki, Milli Şurada çoxluğun istədiyi namizədə qarşı çıxmaq xəyanət kimi qəbul olunacaq. Beləcə Müsavat ictimai qınağa tuş gəlməmək üçün məcburiyyət qarşısında Rüstəm İbrahimbəyovla ortaq məxrəcə gəldilər. Amma İsa Qəmbər məsələ ilə bağlı şərtlərini də açıqladı:-"Milli Şuranın yaradılmasında önəmli olan üstünlüklərindən biri xalqın və beynəlxalq qurumların diqqətinin seçkilərə cəlb olunmasıdır. Biz əvvəlcədən təklif edirdik ki, müxalifət qüvvələri bir araya gəlsin və seçkilərdə iştirak etsin. Amma bizim bu təklifimiz reallıq olaraq qəbul edilmirdi. Biz sevinirik ki, bu gün bu qərara gəlinib. Bizim müxalifət qüvvələrinin birləşməsi zamanı vahid namizədin bir ziyalı olmasını istədiyimiz əvvəldən bəlli idi. Rüstəm bəyin namizəd olmasını müsbət tərəfləri olduğu kimi riskli tərəfləri də var. Biz ümid edirik ki, "bir ay sonra 100 minlik bir mitinq keçirilsin və ya mənim seçkilərdə iştirakım qəbul edilsin, mən gələrəm" sözünü eşitməyəcəyik. Bu risk edilməlidir. Müsavat Partiyasının mövqeyi Rüstəm İbrahimbəyovun vahid namizəd olmasını qəbul edir. Amma İbrahimbəyovun seçkilərdə iştirakı qəbul edilənə qədər bizim seçkilərdə iştirakımızla bağlı qəbul etdiyimiz 4 yanvar, 2013-cü il tarixli qərarımız qüvvədə qalır". Gördüyünüz kimi İsa Qəmbər Rüstəm İbrahimbəyovun geri qayıtmayacağına belə şübhə ilə yanaşır. "İsa Qəmbər və partiyası Milli Şuranın qərarlarına hörmətlə yanaşmalıdır".Bu açıqlamanı isə Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov verib.
O qeyd edib ki, Müsavat başqanı İsa Qəmbər və onun rəhbərlik etdiyi partiya Milli Şurada təmsil olunursa, onun memorandumuna imza atıbsa, Milli Şuranın qərarlarına tabe olmalıdır: "İsa Qəmbərin belə bir çıxış etməsi təəssüf hissi doğurur və cəmiyyətdə, siyasi partiyalar arasında müəyyən şübhə toxumları səpir. Məncə İsa Qəmbər, eyni zamanda Müsavat Partiyası yaxın vaxtlarda mövqeyini birmənalı olaraq ortaya qoymalıdır. Əgər bu gün Milli Şurada təmsil olunursa, o qərarlara tabedirsə, buna da hörmətlə yanaşmalıdır". Amma Rüstəm İbrahimbəyovun verdiyi açıqlamada da İsa Qəmbərin deyəsən haqlı olduğu görünür. Rüstəm İbrahimbəyov ayın sonunda ölkəyə qayıdacağını bildirsədə son açıqlamada hələ Bakıya gəlməyə tələsimədiyini söyləyib:- "Bu yolu axıradək gedəcəyəm. Məni bir balaca tanıyanlar bilirlər ki, sözümün üstündə duran adamam. Hər şey aydındır mənə, amma indi kimsə deyirsə ki, gəlsin Bakıya, bunu deyən ya təxribatçıdır, ya da məqsədi bilinmir. Çünki yüz faiz ona inanıram ki, Azərbaycan xalqı səsini demokratik qüvvələrin namizədinə verəcək. Yəni, məsuliyyət də mənim boynuma düşür və inanıram ki, bu seçkini uda bilərəm. Bununla bərabər onu da bilirəm ki, bu seçkini də saxtalaşdırmağa çalışacaqlar. ABŞ-a getdim, görüşlər keçirdim... Avropaya, Rusiyaya, Türkiyəyə də gedəcək, oralarda da danışıqlar aparacağam. İndi deyəndə ki, mən Bakıya gəlim, - bunun mənası nədir, anlamıram. Milli Şuranın 128 üzvü Bakıdadır. Onlar kifayət deyilmi? Təbii ki, orda olmalıyam. Mən özümə görə bir kişiyəm, söz vermişəm. Yoxsa... anlamıram, ya təxribatçıdırlar, ya dayaz adamdırlar, ya da siyasətdən uzaqdırlar. Bizim media da onlara kömək edəndə təəccüblənirəm. Gərək media onların ağzından vursun... Desin ki, bunu niyə tələb edirsiniz, kişi işlə məşğuldur, axı. Biz bir neçə dəfə seçkini uduzmuşuq, ona görə yox ki, bizə səs verməyiblər. Ona görə ki, hakimiyyət seçkini saxtalaşdırıb".
Bunu da qeyd edək ki, açıq şəkildə Rüstəm İbrahimbəyovun Bakıya gəlməsini məhz İsa Qəmbər tələb edir. Rüstəm İbrahimbəyovun bu açıqlaması isə İsa Qəmbərə olan münasibətini açıq şəkildə ortaya qoyur. Həmçinin Rüstəm İbrahimbəyovun bu açıqlamasına Müsavatdan da cavab gəlib. Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy aşıqlamasında Rüstəm İbrahimbəyovun işlətdiyi ifadələri yerinə düşmüş hesab etmir: "Rüstəm İbrahimbəyov mətbuata müsahibəsində bəzi cümlələr işlədib. Bu danışıq tərzi mənim özüm üçün də bir az qaranlıqdır. Misal üçün, Rüstəm İbrahimbəyov deyir ki, "kim tələb edir ki, mən Bakıya gəlim, o təxribatçıdır", "onların ağzından vurmaq lazımdır". Əslinə qalsa, bu tərz, bu dil peşəkar bir yazar tərəfindən deyilirsə, mən bunu yerinə düşmüş ifadə saymıram".
Əlisoy bildirib ki, Müsavat Partiyası da Milli Şuranın üzvüdür və Müsavat Partiyasının istənilən bir üzvü və yaxud da Milli Şuranın istənilən bir üzvü deyə bilər ki, Milli Şuranın vahid namizədi Azərbaycanda olmalıdır, Azərbaycana gəlsin: "Burada mən təxribatçı gediş, çağırış görmürəm. Çünki mən dəfələrlə demişəm, söhbət Azərbaycan Respublikasının prezidentliyinə namizəddən gedir. Söhbət hər hansı bir məhdud məsuliyyətli cəmiyyətin və yaxud da assosiasiyanın yaranmasından getmir ki, orada iştirak etməmək də olar". Beləliklə hesab etmək olar ki, yaxın bir ay ərzində hələ ki, qapalı şəkildə davam edən İsa Qəmbər Rüstəm İbrahimbəyov toqquşması açıq müstəviyyə keçəcək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53