Bəzi rektorların seçkidən sonrakı ilginc planı
21:49 05-07-2013
İQTİSADİYYAT
Bəzi rektorların seçkidən sonrakı ilginc planı
Onlar Tarif Şurasının qapısını "döyməyə" hazırlaşırlar
Azərbaycanın bir çox ali məktəblərinin rəhbərliyi təhsil haqlarının artırılmasını istəyir. Onların bununla bağlı Tarif Şurasına (TŞ) müraciət etməsi gözlənilir. Məlumatı redaksiyamıza etibarlı mənbə verib.
Mənbənin deməsinə görə, bəzi rektorlar hələ ilin əvvəlindən avdıçəkilən quruma təhsil tarifləri ilə bağlı müraciət etmək niyyətində imişlər. Amma bu ilin seçki ili olduğu və vətəndaşlarda narazılıq yaradacağı nəzərə alınaraq belə bir niyyətdən imtina olunub. Bununla belə, ilin sonundan haqqında danışılan müraciətlərin TŞ-yə ünvanlanacağı gözlənilir.
Qaynaq bildirib ki, hələ iki il əvvəl Dövlət Dillər Universitetinin rektoru Səməd Seyidov sözügedən ali məktəbdə təhsil haqlarının artırılması üçün Tarif Şurasına müraciət etmişdi. Onun ardınca daha bir universitet rektorunun da eyni addımı atdığını xatırladan mənbəmiz onların bunu rəhbərlik etdikləri ali təhsil müəssisələrinin xərclərini tam ödəyə bilməmələri ilə izah etdiyini söyləyib. Amma Şura həmin vaxt universitetlərin təkliflərinə cavab vermədi.
Qeyd edək ki, 2011-ci ildə Nazirlər Kabineti (NK) tərəfindən təhsil ödənişlərinin birdənbirə 2 dəfəyədək artırılması ictimaiyyətdə kəskin narazılıqla qarşılanmışdı. O zaman, NK bu addımı ali məktəb rəhbərliklərinin müraciəti əsasında atdığını açıqlamışdı. Halbuki, qanunvericiliyə görə, təhsil tariflərinin müəyyənləşməsi İqtisadi İnkişaf Nazirliyi yanında Tarif Şurasının səlahiyyətindədir. Qurum isə Təhsil Nazirliyinin (TN) təklifləri əsasında qərar çıxara bilər. Çünki ölkənin təhsil siyasətini TN müəyyən edir.
Bundan əlavə, Azərbaycanın ali məktəblərində ödəniş haqlarının xidmətə və tədris keyfiyyətinə uyğun olmaması, əhalinin gəlirləri ilə müqayisədə çox yüksək olması ekspertləri daim narahat edən məsələdir. Bu gün ölkədə təhsil haqları 900-4000 manat arasındadır. Birinci ixtisas qrupu üzrə ödəniş tarifləri 1000-4000 manat, II ixtisas qrupu üzrə1000-4000 manat, III və IV ixtisas qrupları üzrə 1000-2500 manatdır. Bura bir tələbənin cari xərclərini də əlavə etsək, Azərbaycan valideyni üçün uşaq oxutmaq ucuz başa gəlmədiyini görərik. Araşdırmalara görə bir tələbənin aylıq cari təhsil, kirayə, yemək, geyim yol xərcləri 300-700 manat, bir illik isə 4000-11 min civarındadır. İstər-istəməz sual yaranır: vətəndaşlar bu qədər təhsil xəcrlərinin altında əzildiyi halda, yenidən təhsil haqlarının artırılmasına nə ehtiyac var?
Mənbəmizin sözlərinə görə, Təhsil Nazirliyinin nəzdində akreditasiya şöbəsi fəaliyyət göstərir. Həmin şöbə ali məktəblərdə tədrisin keyfiyyətini qiymətləndirir. Əgər hər hansı bir ali təhsil müəssisəsində müəyyən
istiqamət üzrə ixtisaslarda qiymət artımına zərurət yaranarsa, bununla bağlı Tarif Şurasına universitet deyil, Təhsil Nazirliyi müraciət edə bilər. Lakin indiyədək bununla bağlı paradoksal vəziyyət hökm sürüb: rektorlar nazirliyin başı üzərindən bir neçə dəfə təhsil haqlarının artırılması yönündə cəhdlərdə bulunublar.
Mənbəmiz bildirib ki, yeni təhsil naziri təyinatından sonra rektorlar növbəti dəfə təhsil haqlarının artırılması məsələsini gündəmə gətirmək fikrinə düşüblər. Bu barədə bir neçə rektorun öz aralarında razılığa gəldiyini deyən mənbəmiz onların yeni təhsil naziri ilə də məsələni müzakirə etdiklərini bildirib. Müsbət cavab alan rektorlara seçkidən sonrakı dövrü gözləmək məsləhət görülüb. İstisna edilmir ki, ilin sonu, yeni ilin əvvəlində Təhsil Nazirliyi bəzi rektorların təşəbbüsü ilə Tarif Şurasına məlum məsələ ilə bağlı müraciət ünvanlasın. Belə bir müraciət olacağı təqdirdə gələn ilin ortalarında universitetlərdə təhsil haqlarının artırılmasına real yanaşılır.
Üstəlik, seçki dövründə ali təhsil məktəblərinin rəhbərlərinin üzərinə ciddi iş düşəcək. Onlar iqtidarın payızdakı seçkidə qələbəsinin təmin olunmasında, öz tələbələrinin hakimiyyət əleyhinə proseslərə qoşulmasını önləməkdə həlledici rollardan birini oynayacaqlar. Bu mənada bəzi rektorların, məhz "təhsil haqlarının artırılması" ilə bağlı qərar çıxararaq mükafatlandırılması ehtimalı da yetərincə yüksəkdir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17