İpoteka güzəştləri yenidən müzakirə ediləcək?
21:51 05-07-2013
İQTİSADİYYAT
İpoteka güzəştləri yenidən müzakirə ediləcək?
Nəcəf Tahirli: "Dövlət qurumlarında müəyyən təkliflər paketi hazırlansa da, yenə də
bəzi məsələlər öz həllini tapmamış qalır"
Artıq hamı etiraf edir ki, ölkədə gənc ailələrin mənzillə təmin edilməsi üçün nəzərdə tutulan və bir neçə ildir tətbiq edilən ipoteka proqramı özünü doğrultmur. Birinci növbədə ona görə ki, proqramın şərtləri gənc ailələrin ciblərinə uyğun deyil.
Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev, görünür, elə bunu nəzərə alıb bildirib ki, "Hələlik ipoteka kreditləri ilə bağlı məsələdə elə bir dəyişikliklər yoxdur. Milli Məclis tətilə çıxıb. Dəyişiklikləri isə hökumət hazırlayır. Həmin dəyişikliklərin hamısı müsbət istiqamətdə olacaq".
İpoteka kreditlərinin verilməsi ilə bağlı dəyişikliklərin - həcminin artırılması, müddətinin uzadılması və faiz dərəcələrinin aşağı salınmasına gəlincə isə Prezident İlham Əliyevin də tövsiyəsi bundan ibarətdir ki, əhaliyə, xüsusi olaraq aztəminatlı kateqoriyalı insanlara daha geniş imkanlar yaradılmalıdır ki, onlar mənzil-məişət şəraitlərini yaxşılaşdırsınlar. Bu yaxınlarda verilən sərəncamla da sosial ipotekanın həcmi bir qədər də artırıldı. Digər kateqoriyadan da olan ipoteka kreditlərinin də şərtləri yumşaldılmalıdır. Gələcəkdə müəyyən kateqoriyalı insanlara ilkin ödəniş olmadan və yaxud ilkin ödəniş olmaq şərti ilə ipoteka verilməsi nəzərdə tutula bilər. Ümumiyyətlə, Azərbaycanda ipoteka bazarının inkişafı prosesi gedir. Müxtəlif mənbələrdən maliyyə cəlb olunması, maliyyə imkanlarının genişlənməsi mümkündür. Yəqin ki bundan da istifadə olunacaq.
Müstəqil iqtisadçı-ekspert Nəcəf Tahirlinin "Unikal"a söylədiyinə görə, "Hazırda Bakıya və ölkənin digər iri şəhərlərinə kənd-rayon yerlərindən sürətli axın var. Bu axın bölgələrdə işsizliyin artması ilə bağlı olsa da, sözügedən şəhərlərdə mənzil problemini kəskinləşdirir. Buna görə də mənzilsiz gənc ailələrin sayının artdığı bir zamanda hazırkı ipoteka şərtləri gənc ailələrin əlverişli şərtlərlə evlə təmin olunmasına imkan verirmi? Əlbəttə, yox. Adi və sosial ipoteka krediti üçün tələb edilən əmək haqqı məbləği kifayət qədər yüksək olduğu halda 50 min manatlıq adi ipoteka krediti üçün ölkə üzrə orta aylıq əmək haqqından 2 dəfə çox əmək haqqı tələb edilir. Bunu sosial baxımdan izah etmək çətindir. Çünki əmək haqqı üçün tələb edilən minimumlar orta aylıq əmək haqqı məbləğindən yüksək olmamalıdır".
Ekspertin sözlərinə görə, "Dövlət qulluğunda çalışan və özəl şirkətlərdə ilkin fəaliyyətə başlayan şəxslərin orta aylıq əmək haqları 400 manatdan çox deyil. Bu qədər əməkhaqqı ilə də ipotekanın ödənilməsi o qədər asan deyil. Bu cür şərtlərlə ipoteka kreditinin alınması mümkünsüz görünür. Bütün şərtləri gözdən keçirəndən sonra anlayırsan ki, bu şərtlər də müəyyən təbəqə üçün düşünülüb. Son nəticədə isə imkansız, kasıb təbəqənin ev almaq arzusu elə bu şərtləri oxuduğu andaca kül olub göyə sovrulur. Yəni hazırkı ipoteka elitar təbəqə üçün nəzərdə tutulub".
Ekspert hesab edir ki, "Problemin həlli naminə sosial ipotekanın şərtlərini yüngülləşdirməklə bağlı uzun illərdir təkliflər irəli sürülür, dövlət qurumlarında müəyyən təkliflər paketi hazırlansa da, yenə də bəzi məsələlər öz həllini tapmamış qalır. Çünki həmin təkliflərdə ipotekaya ayrılan vəsaitin artırılması, kreditin maksimum məbləğinin çoxaldılması, mövcud faizlərin (4 faiz) 2 faizə endirilməsi, əhatə etdiyi kateqoriyaların artırılması, tələb olunan sənədlərin (18 sənəd) azaldılması kimi məsələlər yer alsa da amma bu kimi şərtlər elə təklif kimi qalır".
Ekspertin dediyinə görə, "Hər il ipoteka kreditləri üçün büdcədən ayrılan vəsaitin artırılmasına baxmayaraq, kredit şərtlərinin ağırlığı bu yolla ev almaq istəyənləri çəkindirir. Azərbaycanda dövlət tərəfindən sosial və adi ipoteka kreditləri verilir. İpoteka Fondu tərəfindən gənc ailələr, müharibə əlilləri, hərbçilər və digər imtiyazlı şəxslərə verilən sosial, başqa sözlə, güzəştli ipoteka maksimum 30 min manat olmaqla, 4%-lə 30 illiyə verilir. Adi ipotekanın maksimum məbləği 50 min manatdır və 8%-lə 25 illiyə verilir. Amma mənzil bazarındakı mövcud qiymətlər, həmçinin əhalinin gəlirlərini nəzərə alsaq, bu şərtləri ağır hesab edilməlidir. Elə fevralın 4-də prezidentin sərəncamı ilə ipoteka məbləğinin yuxarı həddi 50 min manata qaldırıldı, kateqoriyalardan birinin (hərbçilər) əhatə dairəsi genişləndirilsə də, ipoteka şərtlərindəki dəyişikliklər bununla məhdudlaşdı. Faizlərin endirilməsi, sənədlərin azaldılması, yeni kateqoriyaların əlavə olunması kimi məsələlər çözülməmiş qaldı".
Məzahir Avşar
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17