Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar tədarük və təchizat” ASC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladları üçün Lənkəranın İstisu qəsəbəsində yerləşən “Sitrus vadisi” təsərrüfatına aqrotur təşkil edilib.
"Unikal" xəbər verir ki, təsərrüfat sahibi şəhid övladlarına sitrus bağının salınması, ağaclara qulluq, meyvə yığımı zamanı diqqət edilməli qaydalar barədə ətraflı məlumat verib. Bağa ekskursiya zamanı uşaqlar feyxoa, naringi yığımında iştirak edib, həmçinin cənub regionuna məxsus təamların dadına baxıblar. Bundan başqa uşaqlar üçün müxtəlif əyləncələr təşkil olunub, müsabiqələr keçirilib. Sonda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladlarına müxtəlif hədiyyələr təqdim edilib.
Turun keçirilməsində əsas məqsəd Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan övladlarını diqqət və qayğıdan kənar saxlamamaq, onların asudə vaxtlarının səmərəli keçirilməsinə nail olmaqdır.
Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.