ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz instaqram hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham edib.

"Unikal" xəbər verir ki, o, həmin həkimlərin nazirliyə rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia edib.

“Azərbaycanın estetik cərrahiyyəsinin üzü... Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib edilib. 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunur. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır, bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?” - jurnalist bildirib.

Q. Ataşova, həmçinin sözügedən cərrahların daha da inandırıcı görünmək üçün xaricdə qısamüddətli kurslara qatıldıqlarını qeyd edib: “Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “beynəlxalq sertifikatlı estetik cərrah” olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni, istəsəniz, siz də gedib orada oturub özünüzü “beynəlxalq mütəxəssis” kimi hiss edə bilərsiniz.

Sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”.