"Mədəniyyət insanların və xalqların biri-birini daha dərindən tanıması, daha doğru anlaması üçün universal və əvəzsiz bir vasitədir"
01:41 07-07-2013
SİYASƏT
"Mədəniyyət insanların və xalqların biri-birini daha dərindən tanıması, daha doğru anlaması üçün universal və əvəzsiz bir vasitədir"
Fransanın Kann şəhərində "Azərbaycan Kannda" mədəniyyət günlərinin rəsmi açılışı olmuşdur.
Heydər Əliyev Fondunun və ölkəmizin Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin rəsmi açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.
Fransanın şərqində ən böyük kurort və mədəniyyət mərkəzlərindən olan Kann şəhərində hər il beynəlxalq kinofestivalla yanaşı, Avropanın ən böyük sərgi və konfransları da təşkil olunur. Bənzərsiz mənzərəsi və koloriti, o cümlədən Şərq-Qərb ənənələrini özündə birləşdirməsi bu şəhəri turistlər üçün ilin bütün fəsillərində maraqlı edir. Artıq Fransanın ictimai və mədəni dairələrində kifayət qədər nüfuz qazanan Azərbaycan mədəniyyətinin bu dəfə Kannda tanıdılması üzrə işlərə şəhərin müxtəlif yerlərində ölkəmizin təbliğinə həsr olunan posterlərin və banerlərin vurulması ilə başlamışdır. Bununla da Kann ictimaiyyətinin və turistlərin diqqəti şəhərdə onları gözləyən füsunkar mədəniyyət hadisəsinə yönəlmişdir.
İlk tədbir - 4-cü beynəlxalq "Qız qalası" sərgisinin açılışı ilə Kannın döyünən ürəyi, lacivərt sahilin ən qaynar məkanı La Kruazetdə baş tutmuşdur.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Kann şəhərinin meri Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini, UNİTAD-ın rəhbəri Filip Dust-Blazi sərginin açılışında iştirak etmişlər.
Mərasimdə çıxış edən Kann şəhərinin meri Bernar BROŞAN Azərbaycan mədəniyyətinin bu şəhərdə nümayiş etdirilməsindən məmnun olduğunu bildirmiş və tədbirlərdə iştirak etmək üçün Kanna gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlamışdır. O, növbəti günlərdə də tədbirlərin uğurla keçəcəyinə əminliyini ifadə etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqları salamlayaraq Kann şəhərində başlayan Azərbaycan mədəniyyət günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimizin təqdim olunacağını bildirmişdir. Leyla Əliyeva mədəniyyət günlərinə "Qız qalası" sərgisi ilə açıldığını diqqətə çatdırmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ƏLİYEVA demişdir:
- Bu, Bakıda, İçərişəhərdə beş il əvvəl başlanmış "Qız qalası" beynəlxalq sərgisidir. Bakının rəmzi olan "Qız qalası" maketinin üzərində rəsmlərini çəkmək üçün dünyanın 50 ölkəsindən rəssamlar bu sərgidə iştirak etmişlər. Bu, tarixi abidədir və eramızın IX əsrinə təsadüf edir. Eyni zamanda, siz burada ceyran maketlərini görürsünüz. Bu, İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının fəaliyyət istiqamətlərindən biridir. Onun məqsədi ceyran kimi nəsli kəsilmək təhlükəsində olan növlərə diqqəti yönəltməkdir.
Heydər Əliyev Fondunun ölkəmizin bəşəri dəyərə malik abidəsi və UNESCO-nun dünya mədəni irs siyahısına daxil etdiyi Qız qalasının qlobal miqyasda təbliğinə həsr edilən bu layihəsi ilk dəfə 2010-cu ildə Bakıda keçirilmişdir və ardıcıl olaraq 3 il tamaşaçıların görüşünə gəlmişdir. İlk dəfə Azərbaycandan kənarda keçirilən 4-cü beynəlxalq festivalda indiyə qədər dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak etmişdir. "Qız qalası" sərgi-festivalının əsas meyarı tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Yerli və xarici rəssamlar öz milli üslublarında qalanın maketini bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirirlər. Ona görə də sərginin konseptual xəyal sərhədləri olduqca geniş və əhatəlidir.
Heydər Əliyev Fondunun bu layihəsi beynəlxalq tarixi irsə və mədəniyyətlərarası dialoqun zənginləşdirilməsinə verilən töhfədir. Bu, həm də Qız qalasının funksional təyinatını, onun nadir memarlıq görünüşünü bütün dünyada tanıtmağa yönələn mühüm addımdır. Sərginin diqqəti çəkən məqamlarından biri də Qız qalasının Kannda tanıdılmasına yeni tematik komponentin əlavə olunması idi. Ətraf mühitin qorunmasına xüsusi diqqət yetirən Heydər Əliyev Fondu Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı həyata keçirdiyi layihəni Kannda da nümayiş etdirmişdir. Ümumilikdə isə sərgidə 26 rəssamın Qız qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunmuşdur.
Digər Xəbərlər
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08