İsmət Abbasovun "təqsirkar" axtarışı
01:43 07-07-2013
İQTİSADİYYAT
İsmət Abbasovun "təqsirkar" axtarışı
Ölkədə kənd təsərrüfatının məhvə sürükləndiyi bir daha təsdiqləndi
Yayın ikinci ayı olmasına baxmayaraq, meyvə-tərəvəzin qiymətində ucuzlaşma baş vermir. Bu gün bazara gedən hər kəs deyə bilər ki, mövsümi bostan məhsulları, eləcə də meyvənin qiymətləri od tutub yanır.
Ən maraqlısı isə məsələyə İsmət Abbasovun rəhbərlik etdiyi Kənd Təsərrüfatı Nazirliyinin münasibətidir. Belə ki, mövsümi bitkilərin qiymət bahalığının səbəbini Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev maraqlı şəkildə izah edib. Nazirlik rəsmisi bildirib ki, bazardakı bahalıq işbazların fəaliyyəti ilə bağlıdır. "Bu il məhsul boldur. Amma bazarda bir dənə də olsun fermer olmadığından qiymətlər bahadır. Çünki bütün bazarlar işbazların əlindədir. Onlar da məhsulu fermerdən ucuz qiymətə alsalar da baha satırlar".
S.Vəliyev deyir ki, istehsalçı məhsulunu daşıması üçün nəqliyyat tapa bilmir, onu özü bazara çıxarmaqda çətinlik çəkir, nəticədə qiymətlər belə yüksək olur. "Qiymətlərin 5-6 dəfə aşağı düşməsi üçün ayrıca tədarük-satış məntəqələri yaradılmalıdır"-deyə söyləyən Sabir Vəliyev onu da bildirib ki, bunun üçün dəfələrlə təklif irəli sürülüb.
"İstehsalçı məhsulunu başlı-başına buraxıb bazarda satış edə bilmir. Ona görə də ayrıca tədarük satış məntəqələri yaradılmalıdır. Həmin məntəqələr yaradılarsa, məhsul yerindəcə alınar və satışa çıxarılanda da bu qədər baha olmaz. Ümumiyyətlə bazarlar yığışdırılmalıdır. Dünyanın heç bir yerində bazar anlayışı qalmayıb. Çünki keçmişdən qalma "kolxoz" bazarları bazarkomun maraqları ilə işləyən bir yerdir".
Ekspertlər isə İsmət Abbasovun nazirliyinin bu münasibətini əsla bölüşmürlər. Onlar bildirirlər ki, yaranmış vəziyyətin ilk səbəblərindən biri inhisarçılıqdır. Kənd təsərrüfatı naziri onlara qarşı müqavimət göstərməkdə maraqlı deyil. Bu isə hökumət daxilində mövqeləri ötən illərlə müqayisədə kifayət qədər zəifləmiş Abbasovun yeni düşmənlər qazanmaq istəməməsi ilə bağlıdır. Ona görə də adıçəkilən nazirlik yetkililəri "işbazlar" ifadəsindən yararlanır, "inhisarçılar" demir. Üstəlik, "işbazlar"ın ünvanı da konkretləşdirilmir. Dəqiq kimlər nəzərdə tutulur? Bu da aydın deyil.
İkincisi, ekspertlər məhsul bolluğu ilə bağlı İsmət Abbasovun nazirliyinin açıqlamalarını da populist hesab edirlər. Onların fikrincə, əvvəlki illərlə müqayisədə fermerlər meyvəçilik və tərəvəzçilikdən get-gedə soyuyurlar. Buna da səbəb Kənd Təsərrüfatı Nazirliyinin onların məhsullarını satmaq üçün şərait yaratmaması, ayrı-ayrı inhisarçıların fermerlərin bazara birbaşa çıxışına yaratdığı əngəlləri aradan qaldırmaq üçün təşəbbüs göstərməmələridir. Əksər kənd təsərrüfatı mütəxəssislərinin rəyinə görə, ölkədə elə bir vəziyyət yaranıb ki, aqrar sektor artıq gəlirli sahə kimi qəbul edilmir, bu sahədə çalışanların çoxu tikinti və ticarət sektoruna üz tuturlar. Bu yerdəyişmə də qıtlıq və bahalaşmaya səbəb olan əsas amillərdən biri sayıla bilər.
Üçüncü amil aqrar sektorda tüğyan edən korrupsiyadır. Fermerlər dövlətdən lazımi dəstək ala bilmirlər, güzəştli kreditlər daha çox arxalı, ayrı-ayrı məmurların himayəsindəki fermerlərə ünvanlanır, texnika və digər zəruri kənd təsərrüfatı vasitələri hər kəs üçün bərabər şəkildə əlçatan deyil. Yaranmış situasiya isə sonucda kənd təsərrüfatı sektorunun böyüməsini əngəlləyir, aqrar sektorda kiçilmə artır, məhsuldarlıq azalır, artıq yalnız bazar yox, bütövlükdə aqrar sektor bəlli çevrələrin tam nəzarətinə keçir.
Və sonda: ekspertlər İsmət Abbasovun nazirliyinin məhz bu səbəbləri bir kənara qoyub, öz məsuliyyətini də "unudub" başqa yerlərdə "təqsirkar axtarışı"na çıxmasını məntiqsizlik sayırlar. Ölkədə kənd təsərrüfatının daha çox məhvə sürükləndiyi qənaətində olan bəzi mütəxəssislər bir daha aqrar sektorda idarəçilik islahatının başlanması zərurətini vurğulayır, Kənd Təsərrüfatı Nazirliyinin mövcud kadr potensialı və idarəetmə təfəkkürünün bu sahədə inkişafı təmin etməyə kifayət etmədiyini söyləyirlər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20