Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Meydanında 8 Noyabr - Zəfər Günü ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq möhtəşəm konsert proqramı baş tutub..

"Unikal" xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, dini konfensiyanın nümayəndələri, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hərbçilər, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər.

Əvvəlcə Hərbi Orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan, Azərbaycan xalqının Vətən müharibəsinə çevrilən “Dəmir yumruq” əməliyyatında qazanılan tarixi zəfər bu qələbələrin ən ali zirvəsi olub. 2023-cü il sentyabr ayının 19-a Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli anti-terror əməliyyatları ilə burada olan erməni silahlı birləşmələri əzəli və əbədi, tarixi Azərbaycan torpaqlarından tamamilə çıxarıldı. Bununla da, Azərbaycanın dövlət suverenliyi bərpa edildi. Artıq, Azərbaycan Dövlət Bayrağı Respublikamızın bütün bölgələrində qürurla dalğalanır.

Daha sonra F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı, Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblı, “Xəmsə” Uşaq Rəqs Ansamblı, Yüksəl Əlizadə adına Akustik Musiqi və İncəsənət Mərkəzinin Ansamblı, həmçinin Xalq artistləri Şahnaz Haşımova, Heydər Anatollu və şəhərimizin digər incəsənət xadimləri tərəfindən konsert proqramı təqdim edilib. Konsert proqramında müğənnilərin ifasında vətənpərvər ruhda bir-birindən şən mahlılar səsləndirilib.

Konsert proqramının sonunda yeddi dəqiqəlik möhtəşəm atəşfəşanlıq olub.