Maldiv Respublikası iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli tədbirlərə çağırışı davam etdirəcək.
"Unikal" xəbər verir ki, bunu ölkə Prezidenti Məhəmməd Muizzu COP29 Liderlər Sammitində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Maldiv Respublikası bu yaxınlarda ərzaq təhlükəsizliyinin artırılması, iqtisadiyyatın şaxələndirilməsi, xüsusi iqtisadi zonaların və yeni inkişaf banklarının yaradılması kimi mühüm təşəbbüsləri əhatə edən yeni enerji siyasətinin həyata keçirilməsinə başlayıb.
M.Muizzunun sözlərinə görə, maliyyə çatışmazlığı qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə mane olur. Məhz buna görə də əsas mövzusu iqlim maliyyələşdirilməsi olan COP29-da nəticələr əldə etməliyik.
"Yeni kollektiv kəmiyyət hədəfi iqlim böhranının həqiqi miqyasını əks etdirməlidir. İqlim maliyyə hədəfi həmçinin adaptasiya, itki və zərərlərin yumşaldılmasını əhatə etməlidir. İnkişaf etmiş dövlətlər maliyyə boşluğunu aradan qaldırmaq və 1,5 dərəcə hədəfini əlçatan etmək üçün öhdəliklərini artırmalıdır", - o bildirib.
M.Muizzu vurğulayıb ki, bu gün dünyada maliyyə vəsaitlərinin böyük hissəsi müharibələrə xərcləndiyi halda, inkişaf etməkdə olan ölkələr adaptasiya üçün vəsaitə ehtiyac duyur. O, prioritetləri yenidən nəzərdən keçirməyə və beynəlxalq maliyyə sistemində islahatlar aparmağa çağırıb.
"Nümayəndə heyətimiz maliyyə hədəfinə məhz burada, Azərbaycanda nail olunmasında qətiyyətlidir", - o qeyd edib.