Məmurların "kolbasa biznesi" haqqda şok iddia
19:20 10-07-2013
İQTİSADİYYAT
Məmurların "kolbasa biznesi" haqqda şok iddia
Onların tərkibi haqqında tükürpədici fikirlər səslənir
Azərbaycanda kolbasa istehsalı son illərdə geniş vüsət alıb. Ekspertlərin fikrincə, bu sahədə də bir neçə məmurun önəmli payı var.
Həmin məmurların kolbasa bazarında istehsal və satışın böyük hissəsini nəzarətdə saxladıqları deyilir. Ən ilginc olanı isə arxalarında "güclü əl"in dayandığı müəssisələrin istehsal etdikləri məhsulların tərkibi ilə bağlıdır.
İddialara görə, bəzi məmurların havadarlıq etdiyi və bu üzdən də müvafiq dövlət qurumlarının hər hansı monitorinq, yoxlama aparmaqdan çəkindiyi bir çox belə müəssisələrdə hazırlanan kolbasanın tərkibi sağlamlıq üçün ciddi təhlükə yaradır. Bildirilir ki, kolbasa sənayesində az xərc çəkib daha çox gəlir əldə etmək vasitəsindən biri də yararsız ətdən istifadədir. Hansıki bu ətlər yerli fermer təsərrüfatlarından, eləcə də xaricdən alınır. Xüsusilə, Hindistandan camış ətinin idxalı daha ucuz başa gəldiyindən yerli kolbasa istehsalında mal əti adı ilə camış ətindən geniş istifadə edilir. Əslində camış ətinin nəyi pisdir sualı yarana bilər. Lakin belə ətlər çox zaman dondurulmuş vəziyyətdə olduğundan heyvanın qoca və ya cavanlığı, hansı şəraitdə kəsildiyi bilinmir.
Rəsmi statistikaya əsasən son illər ölkəyə camış ətinin idxalı artıb. Təkcə ötən ilin 5 ayında ölkəyə Hindistandan 1578 ton camış əti idxal olunub. Bu da yerli kolbasalarımızın əsasən Hindistandan ucuz qiymətə alınaraq gətirilən və keyfiyyəti ciddi şübhə doğuran camış ətindən hazırlandığı iddiasını qüvvətləndirir. O da maraqlıdır ki, camış əti bizim məmurlara yalnız kolbasa biznesində kömək etmir. Elə arxasında bəzi vəzifəli şəxslərin dayandığı şadlıq evlərinin menyüsünü də məhz Hindistan mənşəli camış ətinin bəzədiyi heç kimə sirr deyil.
Bəzi məmurların "kolbasa biznesi"ndəki qaranlıq məqamları barədə düşünməyə əsas verən daha bir detal var. Məsələ burasındadır ki, hələ qədimlərdə ətin indiki dövrdəki kimi baha olmadığı zamanlarda hazırlanmasında xeyli farşdan istifadə olunduğundan kolbasaların miqdarı az, qiyməti yüksək olub. Bu gün Azərbaycanda ətin 1 kiloqramı ilə kolbasanın 1 kiloqramının qiyməti arasında nisbi uyğunsuzluq var. 1 kq mal əti 7 manat, 1 kq kolbasanın isə orta qiyməti 5 manat təşkil edir. Satışda hətta 3-4 manata da da kolbasa növlərinə rast gəlmək olar. Bu da onu göstərir ki, kolbasa istehsalında əti əvəzedən əlavələrdən geniş istifadə edilir. Kolbasa 95 faiz ətdən hazırlanmalı olduğu halda tərkibində zülal saxlayan məhsulların qatqısı ilə bu rəqəm 20 faizə endirilir. Maraqlıdır ki, bizim yerli kolbasa və sosisin üzərində də məhsulun tərkibində konkret nə qədər ət və yaxud ədviyyat olduğu qeyd edilmir. Təkcə məhsulun mal və yaxud qoyun ətindən hazırlandığı, vurulan ədviyyatlar göstərilir.
Son illərin daha bir statistikası isə Azərbaycanda bəzi məmurların "kolbasa biznesi" sayəsində əməlli-başlı "qaz vurub qazan doldurduqlarını" söyləməyə əsas verir. Onların buna necə nail olduqlarını bilmək çətin deyil, hələlik isə rəqəmlərə göz ataq: əgər 2006-ci ildə ölkəyə 4167,3 min ABŞ dolları dəyərində kolbasa idxal edilibsə, 2009-cu ildən bu rəqəm azalıb. 2010-cu ildə ölkəyə 1263,8 ton və ya 3115,4 min dollar dəyərində kolbasa gətirilib. Əvəzində isə kolbasa məhsullarının istehsalı (2011-ci il üzrə) 4,6% artaraq 792,7 ton olub. Rəqəmlərin təhlili göstərir ki, idxal edilən kolbasa məhsulları bazarda getdikcə yerli istehsala uduzurlar. Nəzərə alsaq ki, Rusiyadan idxal edilən kolbasaların 1 kq 15 manat təşkil edir, yerli kolbasaların bazarı ələ keçirmə səbəbi məhz keyfiyyət deyil, qiymətlərin ucuzluğudur.
Yəni məmurlarımızın "kolbasa biznesi"ni çiçəkləndirən keyfiyyət yox, istehsal etdikləri məhsulların kasıb camaatın cibinə uyğun olmasıdır.
Sonda daha bir maraqlı məqam: Azərbaycanda zaman-zaman müxtəlif çeşiddə yararsız məhsul istehsal edən müəssisələr üzə çıxarılsa da, kolbasa istehsalçıları ilə bağlı belə faktlara nadir hallarda rast gəlirik. Bu da ölkənin kolbasa bazarının bəzi məmurların nəzarətində və himayəsində olduğunu əminliklə söyləmək üçün əsas verir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20