“Komanda bu oyuna çox yaxşı hazırlaşıb”.
"Unikal" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının C Divizionunda Qəbələdə Estoniya yığmasına qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis bu rəqiblə səfərdə keçirilmiş görüşdə komandasının yaxşı mübarizə apardığını bildirib: “Hər şey yolunda gedirdi. Amma gözlənilməz qollar buraxıb məğlub olduq. Səhvlərimizi aradan qaldırmağa çalışırıq. Slovakiya ilə matçda da pis təsir bağışlamadıq. Həmin görüşdə də qırmızı vərəqə aldıqdan sonra vəziyyət əleyhimizə dəyişdi. Qarşımıza konkret məqsədlər qoymuşuq. Oyundan-oyuna daha yaxşı olmaq istəyirik”.
Onun sözlərinə görə, bu gün qeydə alına biləcək mümkün məğlubiyyət qarşıya qoyulan hədəflərlə bağlı heç nəyi dəyişməyəcək: “Mənim AFFA ilə 2028-ci ilədək müqaviləm var. Məqsəd yaxşı komanda formalaşdırmaqdır. Azərbaycan millisi ilə yeni nailiyyətlər əldə etmək istəyirik. 2027-ci illərdə hər şeyi ətraflı təhlil edə bilərik”.
Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.