“Qəbələ şəhərinə səfərimiz yaxşı keçdi. Hər şey plan üzrə gedir. Qonaqpərvərlik idealdır”.
"Unikal" xəbər verir ki, bu sözləri futbol üzrə Estoniya milli komandasının baş məşqçisi Yurgen Henn UEFA Millətlər Liqasının C Divizionunda Qəbələdə Azərbaycan yığmasına qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, komandanın meydanda yaxşı mübarizə aparması çox vacibdir: “Azərbaycanla ilk matçda yaxşı çıxış etdik. Rəqibin baş məşqçisi Fernandu Santuşla tanış olmaq və ona qarşı oynamaq böyük şərəfdir. Hər bir komandanın irəli getmək üçün hədəfləri var. Əgər B və ya A Liqasına yüksəlirsənsə, orada qalmağın planlarını qurursan. Digərlərindən fərqli olaraq, yer aldığımız qrup çətindir. Bu, həm bizə, həm də Azərbaycan millisinə aiddir”.
Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.