Oqtay Şirəliyevlə icra hakimiyyətləri arasında "zərdab davası"
07:58 11-07-2013
İQTİSADİYYAT
Oqtay Şirəliyevlə icra hakimiyyətləri arasında "zərdab davası"
Səhiyyə Nazirliyi daha bir ciddi ictimai qınaq qarşısında!
Azərbaycanda hər il ilan sancmasından zəhərlənənlər zərdab çatışmazlığı ucbatından dünyasını dəyişsə də, Səhiyyə Nazirliyi bu problemi yoluna qoymaqda çətinlik çəkir. Daha doğrusu, bununla bağlı nazirliyə vəsait ayrılsa da, onların hara xərcləndiyi şübhəli qalır. Ehtimal var ki, həmin vəsaitlər təyinatı üzrə xərclənmir, belə olmasaydı, ilan zəhərlənmələrinə qarşı zərdab çatışmazlığından ölümlər davam etməzdi.
Xatırladaq ki, bir neçə gün əvvəl Salyan rayonunda 6 yaşlı qızı gürzə sancıb. Rayon Mərkəzi Xəstəxanasında zəhər əleyhinə zərdabın olmaması balaca qızın ölümünə səbəb olub. 6 yaşlı qız böyük bacısı ilə birlikdə həyətdə oynayırmış. Anidən halsızlaşan balaca Gülnar həyətdəki çəlləyin yanında yerə yıxılıb. Qızını ilanın sancmasından şübhələnən ata çəlləyin altına baxıb və orada gürzənin qıvrılaraq dayandığını görüb. Ehtimalında yanılmayan ata çəlləyin içindəki ağacla ilanın başını əzərək öldürüb. Qız dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir tərəfdən xəstəxanada zəhər əleyhinə zərdabın olmaması, digər tərəfdən də təcili yardım maşınının gec gəlməsi uşağın vəziyyətini daha da gərginləşdirib. Balaca
qızcığazın vəziyyəti ağır olduğundan o, Bakıya Tokiskologiya Xəstəxanasına göndərilib. 4 gün ölüm-dirim arasında mübarizə aparan 6 yaşlı qızın həyatını həkimlərin səyinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ötən il də oxşar hadisələr yaşanmışdı.
Göründüyü kimi, zərdab çatışmazlığı vətəndaşlarımızı öldürməyə davam etsə də. Səhiyyə Nazirliyi bu məsələdə hələ də köklü addımlar atmayıb. "Unikal"ın araşdırmaları zamanı məlum oldu ki, hələ ötən il Mərkəzi Klinik Xəstəxananın Toksikologiya Şöbəsinin müdiri Azər Maqsudov mətbuata açıqlamasında ilan və əqrəb zəhəri əleyhinə zərdabların ölkədə mövcud olmadığını bildirib. Azər Maqsudov bu məsələnin Səhiyyə Nazirliyinin qarşısında qaldırıldığını və yaxın zamanlarda zərdabların alınaraq səhiyyə ocaqlarına paylanılacağına ümid etdiyini bildirib. Amma görünən odur ki, bizə elə "sürətlə inkişaf etdiyi" deyilən ölkəmizdə ilan zəhəri əleyhinə zərdab probleminin həll ediləcəyinə ümid etməkdən başqa bir şey qalmayacaq.
Əldə etdiyimiz məlumata görə, ilan zəhəri əleyhinə zərdabın 1 qramı dünya bazarlarında 200-500 dollar arasında dəyişir. Azərbaycanın isə bu zərdabları 400 dollara aldığı bildirilir. Ölkəmiz bu zərdabları əsasən Özbəkistandan alır.
"Unikal"a daxil olan məlumatlarda həmçinin rayonlardakı dövlət xəstəxanalarının bu zərdabla təchizatının Səhiyyə Nazirliyinin üzərinə
düşdüyü, amma Oqtay Şirəliyevin nazirliyinin üzərinə düşən bu vəzifəni layiqincə yerinə yetirməsinin şübhə doğurduğu bildirilir: "Bəzi rayonların mərkəzi xəstəxanalarında ilan zəhəri əleyhinə zərdabın olmamasını onunla izah edirlər ki, guya onu saxlamaq çətindir. Amma bu daha çox bəhanədir. Çünki Sovet dövründə nəinki rayon mərkəzi xəstəxanalarında, hətta ən ucqar kəndlərin tibb məntəqələrində belə ilan zəhəri əleyhinə zərdab tapmaq problem deyildi".
Bəzi iddialara görə, əslində bu məqsədlə yetərincə dövlət vəsaiti ayrılır, sadəcə, həmin pulların tamamilə təyinatı üzrə xərcləndiyi şübhə doğurur. Belə iddialara isə Səhiyyə Nazirliyinin cavabı maraq doğurur. Nazirlikdən bildirirlər ki, rayon xəstəxanalarını zərdablarla yerli icra hakimiyyətləri təmin etməlidirlər.
Əgər həqiqətən belədirsə, zərdab çatışmazlığını həm də bu cür yanlış idarəetmənin ayağına yazmaq lazımdır. Axı səhiyyə ilə bağlı hansısa problem varsa, bunun həlli nə üçün icra hakimiyyəti orqanının üzərinə qoyulmalıdır? Səhiyyəyə məsul qurum dura-dura bu nə qədər doğrudur?
Hər halda görünən odur ki, azərbaycanlıların ilan zəhəri əleyhinə zərdab problemi tezliklə həllini tapmayacaq. Daha doğrusu, problemin tək yolu çalışıb-vuruşub ilan sancmasından qorunmaqdır. Əks halda, ölüm qaçılmaza çevriləcək.
Seymur Baycan
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20