Rüstəm İbrahimbəyov İsa Qəmbəri tora salmaq istəyir
Rüstəm İbrahimbəyov İsa Qəmbəri tora salmaq istəyir

Milli Şuranın ötən gün baş tutan sayca III sessiyası siyasi müstəvidə geniş müzakirələrə yol açıb. Mətbuata qapalı keçirilən iclasdan sonra jurnalistlərə açıqlama verən Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazovun Müsavat başqanına ünvanladığı mesajlar diqqətdən yayınmadı.

“Digər namizədlərin olması Milli Şuranın fəaliyyətinə indiki zamanda mənfi təsir etməsə də, perspektivdə problemlər yaranacaq... Bizim əsas namizədimiz də, ehtiyat namizədimiz də Rüstəm İbrahimbəyovdur”-deyə Eldar Namazov açıq-aşkar İsa Qəmbəri namizədlik iddiasından geri çəkilməyə çağırdı.
Vaxtilə mətbuata verdiyi açıqlamalarında özünün başqa bir namizədi dəstəklədiyini deyən Rüstəm İbrahimbəyov Moskvadan göndərdiyi sonuncu müraciətində namizədlik iddiasında olan liderlərə məsləhət verib:
“Milli Şura vahid namizədini irəli sürməmişdən əvvəl, Musavat Partiyası və KXCP özünün başqa namizədlərini müəyyənləşdirmişdilər. Mən bir neçə dəfə bu fikri səsləndirmişəm ki, Milli Şuradan olan vahid namizəd qeydiyyata alınmayacağı təqdirdə, bu qurumda başqa partiya və hərəkatların irəli sürə biləcəyi bir neçə layiqli namizəd var. Bu da demokratik qüvvələrə qarşıdakı seçkilərdə iştirakı təmin etmək imkanı yaradacaqdır.
Lakin bu məsələyə başqa yanaşma da var: indiki situasiyada həmin yanaşma mənə daha məqsədəuyğun, ən başlıcası isə daha effektiv görünür. İş elə gətirib ki, Milli Şura vahid namizəd kimi məni göstərib, bu səbəbdən də mənim başqa namizədləri öz iddialarını geri götürməyə çağırmağım etik mülahizələrə görə çətindir. Hər kəs bunu dərk edir ki, demokratik qüvvələr seçkiyə vahid namizədlə getməlidir. Bu halda, Milli Şura və Azərbaycanın demokratik ictimaiyyəti maksimum iradə və qətiyyət göstərməlidir ki, vahid namizəd qeydiyyata alınsın”.
İbrahimbəyov namizədliyinin qeydə alınmasının sual altında olduğunu bilə-bilə ikinci namizədin – İsa Qəmbərin təkidlə geri çəkilməsini tələb etməsi yüz illik Müsavat partiyasınada xoş qarşılanmır. Müsavatçılar da geri çəkilmək niyyətində olmadıqlarını, İsa Qəmbərin namizədliyini sonadək dəstəkləyəcəklərini bəyan edirlər.
Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı İbrahimbəyovun bu çıxışına adekvat cavab verib. Partiya funkioneri təkidlə İsa Qəmbərin namizədliyinin sonadək qüvvədə olacağını bildirib:
“Müsavat Partiyası kollegial formada belə bir qərar qəbul edib və qərarı ictimaiyyətə açıqlayıb. Hesab edirəm ki, bu qərar Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması yolunda əngəl deyil, əksinə, müxalifətin vahid namizədinin qeydə alınmasını asanlaşdırır. Müsavat Partiyasının İsa Qəmbərin prezidentliyə namizədliyi ilə bağlı qərarı Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınanadək qüvvədə qalacaq”.
Elə İsa Qəmbərin özü də son açıqlamasında deyib ki, seçki ilə bağlı bütün riskləri gözə alan Müsavat hələlik öz taktikasını dəyişmək fikrində deyil:
“Milli Şuranın ikinci sessiyasında vahid namizəd məsələsi müzakirə edilən zaman Müsavat Partiyasının mövqeyini bəyan etmişəm. Bu mövqenin indiki mərhələdə dəyişilməsinə heç bir lüzum görmürük. Manevr imkanları müxalifətə də aid edilməlidir. İndiki şərtlər daxilində demokratik düşərgənin, ümumilikdə Milli Şuranın seçkidən kənarda qalması riski var. Bu riskə yol vermək olmaz. Digər riskləri görürük, qiymətləndiririk, münasibətimizi də bildiririk. Ancaq bu riski də hər kəs nəzərə almalıdır.
Əgər kimsə seçkilərin boykot variantına meyl edirsə, bu istəklər Milli Şura formatında axtarılmamalıdır. Milli Şura məhz seçki yolu ilə xalqın hakimiyyətini bərpa etmək məqsədilə yaradılıb. Bu baxımdan, Milli Şuranın - demokratik düşərgənin, real müxalifətin seçkidən kənarda qalmasına heç cür yol vermək olmaz”.
Liderlərin bir-birlərini ünvanladığı gizli mesajlar Milli Şurada vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Milli Şurada baş verən namizəd “davası”nı Modern.az-a şərh edib. Əvvəlcədən Milli Şura ideyasına qarşı çıxan ADP sədri müxalif koalisiyanın gələcək fəaliyyəti və eləcə də Rüstəm İbrahimbəyovun liderlərlə bağlı hazırladığı gizli planlardan söz açıb.
Hər şeyin göründüyü kimi demokratik olmadığını deyən S.Cəlaloğlunun fikrincə, Milli Şurada baş qaldıran namizədlik davası Müsavat başqanı İsa Qəmbərə qarşı yönəlib.
“Getdikcə Milli Şura proyekti aydınlaşmağa başlayır. İsa Qəmbərə qarşı təzyiqlər də onu göstərir ki, Milli Şura seçkiləri boykot etməyə çalışır. Amma İsa Qəmbər onların niyyətlərini yaxşı başa düşür. Onun mövqeyi düzgündür.
Rüstəm İbrahimbəyovun mövqeyi göstərir ki, onda bir barışmazlıq var. O göndərdiyi məktubların hamısında İsa Qəmbərə nəyisə diqtə etməyə çalışır. Adama deyərlər, səni sədr seçmişik, üzərinə götürdüyün öhdəlikləri yerinə yetir”-deyə S.Cəlaloğlu bildirib.
Milli Şuranın yaranması ilə müxalifətin tora düşdüyünü deyən S.Cəlaloğlu İsa Qəmbəri geri çəkilməməyə, hadisələrə düzgün qiymət verməyə çağırıb:
“İsa Qəmbər də hər şeyi yaxşı başa düşür. Amma onun bəzi dostları İsa Qəmbərin mövqeyini xəyanət kimi qiymətləndirirlər. Guya, İsa Qəmbərin namizədliyi Milli Şuranı parçalaya bilər. İsa Qəmbər digər partiya rəhbərlərin hazırki situasiyanı daha gözəl anlayır. Mən İsa bəyi bu mövqeyinə görə alqışlayıram. Onsuz da Milli Şura ideyası seçkiyə hazırlaşmırdı. Rüstəm İbrahimbəyov seçkiyə hazırlaşmalı olsaydı, ikili vətəndaşlıq məsələsini vaxtında həll edərdi, seçkiyə bir-iki ay qalmış bu məsələni ortalığa atır. Bunlar hələ komitə yaratmaqla məşğuldurlar”.
S.Cəlaloğlu hesab edir ki, R.İbrahimbəyovun məqsədi seçkilərdə iştirak etmək deyil, müxalifəti zərərsizləşdirməkdir.
“Sözün açığı onlar Milli Şuranı hadisələrdən kənar saxlayıb, vaxtı yubandırmaq istəyirlər. Bunu hamı gözəl bilir ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmaya bilər. O bildirir ki, “mənim sovet dönəmindən qalma ikili vətəndaşlığım var”. Milli Şura müəyyən qüvvələrin bir ideyasıdır. İbrahimbəyovun da funksiyası müxalifəti bir araya toplamaq və onu seçkiqabağı zərərsizləşdirməkdir. İbrahimbəyov bundan əvvəl deyirdi ki, “mən seçkidə iştirak etməsəm, başqa adamın namizədliyini irəli sürəcəyik”. Bu gün isə o başqa bir bəyanat verir ki, “mən iştirak etməyəcəmsə, başqa heç kim də iştirak etməməlidir”. Belə olanda seçki də boykot olunmalıdır”.
Hazırkı durumda vəziyyətin sadə olmadığı göz önündədir. R.İbrahimbəyovun namizədliyinin qeydə alınacağını bəribaşdan 100 fazi əminliklə qeyd etmək çətindir. Hakimiyyət istəsə, bunu əngəlləyə biləcək. Belə məqamda Lalə Şövkət, Rəsul Quliyev, Əli Kərimli, İsa Qəmbər, Mirmahmud Mirəlioğlu kimi müxalifət liderlərinin əvvəlcədən Rüstəm İbrahimbəyovun xeyrinə geri çəkilməsi narazı elektoratın seçkidən “0” nəticə ilə ayrılacağından xəbər verir. Bu da 20 ildir hakimiyyətə gəlmək üçün dəridən-qabıqdan çıxan müxalifətin süqutu deməkdir.

Anar RÜSTƏMOV