Erməni hərbçiləri vahimə içərisindədirlər
08:02 11-07-2013
İQTİSADİYYAT
Erməni hərbçiləri vahimə içərisindədirlər
İşğalçı ölkənin ordusunda qeyri-döyüş şəraitində yaşanan itkilərin sayı sürətlə artır
Bu gün Ermənistan silahlı qüvvələrində yaranan xaotik vəziyyətin miqyası daha da genişlənməkdədir. Yaranmış durumun kifayət qədər ağır və təhlükəli olması Ermənistanın özündə də açıq etiraf olunur. Qeyri-döyüş şəraitində yaşanan itkilərin sayının sürətlə çoxalması Ermənistan ordusunda nizamnamədən kənar hərəkətlərin və digər qanunsuzluqların məntiqi nəticəsi kimi vurğulanır. Müdafiə Nazirliyinin başında duran şəxslərin daha çox şəxsi mənfəətlərini güddüklərindən işğalçı ölkənin ordusunun məhvolma prosesi onlar üçün hər hansı bir əhəmiyyət daşımadığını göstərir.
Bütün bunlar isə faktiki olaraq Ermənistan ordusundakı özbaşınalıqların, əsgərlərin fiziki işgəncələrə məruz qalmasının, incidilməsinin dözülməz həddə çatmasına gətirib çıxarır. Yaranmış bu vəziyyət isə öz növbəsində gənclərin hərbi xidmətdən yayınmalarına səbəb olur. Artıq işğalçı ölkənin gəncləri ordudan yayınmağın yeni metodunu tapıblar. "Facebook" və "Twitter" sosial şəbəkələrində, eləcə də internet forumlarında yer alan şərhlərdən və statuslardan belə bir nəticəyə gəlmək olar ki, indi Ermənistan gəncləri cinsi azlıqlara mənsub olmaları barədə hərbi komissarlıqlara arayış təqdim edərək hərbi xidmətdən yayınır, sonra isə ölkəni tərk edirlər. Bu onu göstərir ki, Ermənistan ordusu təkcə çağırışçıların sayının sürətlə azalmasına görə problem yaşamır, bu ölkənin silahlı qüvvələrinin maddi-texniki təchizatında da əvvəlki kimi böyük çətinliklər mövcuddur.
Ermənistanın ən çox oxunan qəzetlərindən sayılan "Lragir" yazır ki, orduda zorakılığa və dözülməz şəraitə qarşı ictimai etirazın genişlənməsinə baxmayaraq, yenə də əsgər ölümləri davam edir. O da xüsusi olaraq vurğulanır ki, vəziyyət belə davam edə bilməz və ölkədə mütləq partlayış olacaq: "Əslində, bu cür dözülməz şəraitdə fövqəladə vəziyyət elan etmək lazım idi. Lakin ordu rəhbərliyi, ali baş komandan susur. İqtidarın nəzarətində olan telekanallar, hakimiyyətpərəst media Müdafiə Nazirliyinin arzusuna uyğun olaraq əsgərləri özlərini öldürən intiharçılar kimi təqdim edir. Lakin hərbçilərin intihara görə məsuliyyəti yoxdur, əsgər ailələri isə övladlarının intihar etməsinə inanmır. Hərbi prokurorluq isə nəyisə araşdırmağa ehtiyac görmür, hətta adi izahat da verilmir. Bu vəziyyət uzun müddət davam edə bilməz. Sonda çox güclü partlayış olacaq".
Artıq ölüm halları təkcə orduda yox, Yeravanda yerləşən Vazgen Sarqsyan adına Hərbi İnstitutda da baş verib. "Armenia Today" saytının verdiyi xəbərdə bildirilir ki, kursant Armen Melkumyan avtomat silahdan tələbə yoldaşı Sipan Movsisyana atəş açıb. Döş nahiyəsindən güllə yarası alan yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
2011-ci ilin oktyabr ayında qətlə yetirilmiş baş leytenant Artak Nazaryanın bacısı Tsavinar Nazaryan isə mətbuata verdiyi açıqlamada bildirib ki, əgər prezident orduda fəaliyyət göstərən cinayətkar qruplaşmalara himayədarlıq etməsə, baş vermiş ölüm hadisələrinin üstü açılar: "Ordudakı bu eybəcər vəziyyəti prezident olmamışdan əvvəl məhz S.Sarkisyan yaradıb. Qardaşım Ermənistan ordusundakı cinayətkar qrupların əməllərinin şahidi olduğu üçün onu aradan götürüblər. Bu, necə dövlətdir, bu, necə ordudur?"
Bununla yanaşı, komandir heyəti tərəfindən əsgər valideynlərinin pul gətirməyə vadar edilmələrini, hərbi qulluqçuların qeyri-qanuni yolla müəyyən olunmuş pul müqabilində ay ərzində hərbi hissədən kənara buraxılmaları halları, hərbi qulluqçular tərəfindən mülki əhaliyə qarşı bir çox cinayət, o cümlədən mülki şəxslərin əmlakının oğurlanması, əhaliyə qarşı zor tətbiqetmə, zorlama, təcavüz və digər hadisələrin törədilməsi ilə bağlı faktların sayı da artmaqdadır. O da bildirilir ki, ordudakı şəxsi heyət arasında narkotik maddə qəbul edənlərin sayı da sürətlə artmaqdadır və narkotik maddələrin hərbi hissələrə gətirilməsi, şəxsi heyətə satılması planlı şəkildə zabit-gizirlərin himayəsi altında çavuş heyəti tərəfindən həyata keçirilir.
Azərbaycan Ordusunun ötən ayın 26-da keçirilən son hərbi paradı hələ də Ermənistanda, əsasən də onun hərbi dairələrində fəal müzakirə mövzusu olaraq qalmaqdadır. Artıq ermənilər Azərbaycan Ordusunun hansı gücə malik olduğunu gördükdən sonra böyük qorxu hiss etməyə başlayıblar. Erməniləri daha çox narahat edən məqamlardan biri də Azərbaycanın Rusiyadan aldığı yeni silahlardır.
Bununla bağlı Qarabağ separatçılarının silahlı dəstələrinin sabiq rəhbəri Arkadi Karapetyan mətbuata verdiyi açıqlamasında Rusiyanın Azərbaycana böyük həcmdə silah satmasının minlərlə erməninin məhvinə yönəldiyini ifadə edib: "Düşünmürəm ki, Rusiya silah sataraq Cənubi Qafqazda balansa riayət etməyə çalışır. Əksinə, o, vəziyyəti közərdir və Ermənistana aid olmayan bazasını gücləndirir. Xüsusilə Azərbaycanın "Smerç" reaktiv yaylım atəş komplekslərini əldə etməsi məni narahat edir. Heç düşünürsünüz, bu silahlar Xankəndiyə yönəldilsə, nə olacaq? Minlərlə insan həlak olacaq! Rusiya Ermənistana T-72, Azərbaycana isə T-90 tanklarını satır. Niyə balans üçün onlar bizə "Smerç" və qırıcı təyyarələr vermirlər?"
Rusiyanın Ermənistanda yerləşdirdiyi "İskəndər" operativ-taktiki raketlərindən danışan Karapetyan bildirib ki, bu raketlər Rusiyanın Ermənistandakı bazasına verilib. Ermənistanda həmin raketlərin tətbiqi üzrə mütəxəssis yoxdur: "Bundan başqa, "İskəndər" qərargahlara və digər obyektlərə yönəldilə bilər. Amma "Smerç" - kütləvi qırğın yaradan silahdır. Bir "Smerç" maşını 67 hektar ərazidə hər şeyi məhv edə bilər. Bizim regionumuzda "Smerç" atom bombasına bərabərdir. Azərbaycanın Qarabağda "Smerç"ləri tətbiq etməsi ermənilərin soyqırımı deməkdir".
Bu açıqlamalardan belə bir nəticəyə gəlmək olar ki, möhtəşəm hərbi parad ermənilərin Rusiyaya olan ümidlərinin heç də doğrulmadığını göstərib. İndi seçim Ermənistan hakimiyyətindədir: ya sülh, ya da hərb yolu ilə işğal edilmiş Azərbaycan ərazilərini tərk etmək! İkinci seçimin Ermənistan üçün böyük fəlakət olacağı isə təkcə işğalçı ölkədə yox, dünyada da qəbul edilən həqiqətdir.
Fuad
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20