Ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş COP29 xüsusi hərəkət zolaqları nəqliyyat əməliyyatlarının səmərəli təşkilinə, tədbir iştirakçılarının maneəsiz, təhlükəsiz və zamanında tədbir məkanlarına çatmasına şərait yaradıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Unikal"a bildirilib ki, ümumi olaraq tədbir müddətində 600 mindən çox sərnişinin daşınması həyata keçirilib.
Qeyd edilib ki, ictimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan, məhz COP29 nəqliyyat əməliyyatlarının təşkili üçün çəkilmiş zolaqlar tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.
Bu məqsədlə AYNA tərəfindən qeyd edilən zolaqlarda 5.9 avtobus zolağını bildirən yol nişanlarının sökülməsi və xətlərin silinməsi işlərinə başlanılıb. Bildiririk ki, yol nişanları çıxarılmış zolaqlar artıq qüvvədən düşmüş hesab olunacaq. 25 noyabr tarixinədək müvafiq nişanların çıxarılması işləri icra ediləcək.
***09:13
Bakıda COP29 zolaqlarının ləğvinə başlanılıb.
"Unikal"ın məlumatına görə, bu işlərdən biri paytaxtın Koroğlu Rəhimov küçəsində aparılıb.
Qeyd edək ki, COP29 tədbiri ötən gün başa çatıb.
Murad İbrahimli