Bəzi icra başçılarının şok dəftərləri!
20:50 12-07-2013
İQTİSADİYYAT
Bəzi icra başçılarının şok dəftərləri!
Onların "nağd" və "nisyə" dəftərləri nə üçündür?
İcra başçılarının dövlət büdcəsindən rayonların inkişafına ayrılan pulları mənimsəməsi adi hala çevrilib. Təmir-tikinti işlərinə ayrılan pullar şəxsi maraqlar üçün xərclənir, görüləcək işlər isə zorla sahibkarların üzərinə yüklənir.
İş o yerə çatıb ki, hətta bəzi icra başçıları ən yaxın adamlarını aldadıb pullarını mənimsəyirlər. Biz son bir neçə ayda bununla bağlı kifayət qədər faktlarla rastlaşdıq. Belə halların bir çoxu mərkəzi mətbuatın səhifələrinə çıxdı və ciddi ajiotaj doğurdu.
Halbuki bu ilin fevralında ölkə başçısı keçirdiyi müşavirədə məsələyə sərt münasibət bildirmişdi. O xüsusən sahibkarları incidən, onlardan pul toplayan rayon rəhbərlərini kəskin tənqid edərək belə hallara son qoyulması yönündə xəbərdarlıq etmişdi. Həmin xəbərdarlıqdan bir müddət sonra rəsmi açıqlamalarda ölkə başçısının məlum çıxışının ciddi nəticələr verdiyi və yerlərdən məmurlarla bağlı gələn şikayətlərin kəskin şəkildə azaldığı qeyd olundu.
Amma gələn məlumatlar belə düşünməyə əsas verir ki, ölkə başçısının sərt xəbərdarlıqlarına baxmayaraq hələ də bəzi rayonlarda sahibkarların "yüklənməsi" adi haldır. Son vaxtlar isə bəzi rayonlarda yerli icra hakimiyyətləri tərəfindən iş adamlarından "seçki ili" adı ilə pul toplandığı bildirilir. Guya toplanan vəsaitlər seçkiyə qədərki dövrdə abadlıq və xeyirxahlıq məqsədi ilə xərclənəcəkdir.
Amma bunun belə olmadığını sahibkarların özləri də bilirlər. Sadəcə, qəzəbə gəlməmək, seçki ərəfəsində yaşadıqları və çalışdıqları rayonda "pozucu əməllərlə məşğul olmaqda" suçlanmamaq üçün səslərini çıxarmırlar.
Ən maraqlı iddialardan biri isə bəzi rayon icra hakimiyyətlərində "nisyə" və "nəğd" dəftərlərinin olması ilə bağlıdır. Bu dəftərlərdə müvafiq olaraq tələb edilən vəsaiti dərhal ödəyən yerli sahibkarların, müəssisələrin və istənilən vəsaiti yubadan iş adamlarının, müəssisələrin adları yazılır. Bir çox rayonlarda analoji dəftərlərin varlığı ümumiyyətlə gizlədilmir.
Ən maraqlı məqamlardan biridə bir çox rayonların icra hakimiyyətlərindəki sözügedən dəftərlərdə hətta məşhur şirkətlərin həmin rayonların ərazisində fəaliyyət göstərən müəssisələrinin, dillerlərinin adlarının da yer almasıdır. Bundan başqa, bəzi rayonlarda fəaliyyət göstərən respublika miqyasında tanınan müəssisələrin də adlarını adıçəkilən dəftərlərdə görmək mümkündür.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, bir çox rayonların icra hakimiyyəti başçıları tərəfindən sahibkarların fəaliyyətinə ciddi müdaxilələr edilməklə kifayətlənmir, həmin rayonlarda hətta büdcə təşkilatlarından abadlıq adı altında yerli icra hakimiyyəti başçıları tərəfindən pul yığılır ki, bu da əhalini hökumətdən narazı salır.
O da istisna edilmir ki, prezident seçkilərindən sonra bəzi rayonlarda icra başçılarının soyğunçuluğu ilə üzləşən iş adamları, sahibkarlar kütləvi şəkildə onlardan hökumətə şikayətlər ünvanlayacaqlar. Həmin şikayətlər nəticəsində isə bəzi rayonların rəhbər şəxslərinin görəvdən alınması gözləniləndir.
İndilikdə isə, yuxarıda da vurğuladığımız kimi, sahibkarlar rayon rəhbərlərindən mərkəzi hakimiyyətə gileylənməkdən çəkinirlər. Bunun da səbəbi icra başçılarının onların şikayətlərinə fərqli don geyindirə biləcəklərinə dair ehtimaldır. Belə ki, bəzi rayonlarda yerli rəhbərliyin ən xırda şikayəti belə şişirdərək guya bunu seçki ərəfəsində yerlərdə pozuculuqla məşğul olmaq cəhdi kimi qələmə verdiklərinə dair məlumatlar var. Nəticədə isə həmin "pozucu" şəxslər haqlı ikən haqsız vəziyyətə salınır və susdurulurlar.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20