"Donor" QHT-lər nədən susurlar?
20:51 12-07-2013
İQTİSADİYYAT
"Donor" QHT-lər nədən susurlar?
Ermənistan hakimiyyətinin çirkin oyunlarının qurbanına çevrilməkdən zorla qurtulan Moldovanın parlament vəkili, ombudsman Aureliya Qriqoriu hələ də işğalçı ölkədən təhdidlər almaqdadır. Mətbuata açıqlamasında xanım Aureliya bildirib ki, "Facebook" səhifəsinə müntəzəm hədə-qorxu mesajları daxil olur. İndi isə bu mesajlar sürətli şəkildə pozulur: "Bilmirəm bunu necə edirlər, bəlkə də hakerlər səhifəmin şifrəsini sındırıblar. Heç olmazsa nəzərə almalıdırlar ki, orada mənim özəl mesajlarım da var. Lakin ünvanıma hədə-qorxu mesajlarının daxil olması bir faktdır".
Ermənistan Konstitusiya Məhkəməsinin təşkil etdiyi "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarına əməl olunması" mövzusunda beynəlxalq konfransda məruzə ilə çıxış edərək Azərbaycan torpaqlarının işğalı ilə bağlı əsl reallığı bir daha dünya ictimaiyyətinə bəyan edən moldovalı xanıma Azərbaycandan dəstək kampaniyası davam edir. Lakin insan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatlar hələ də susurlar. Acınacaqlı hal isə odur ki, Azərbaycanda fəaliyyət göstərən bəzi "hüquq müdafiəçiləri" də məsələ ilə bağlı heç bir reaksiya göstərmirlər. Bir çox dövlət qurumları, siyasətçilər, gənclər təşkilatları ombudsmana dəstək aksiyasına qoşularaq beynəlxalq qurumlara müraciət ünvanlasalar da, Azərbaycanın çörəyini yeyib, düşmən dəyirmanına su tökən "hüquq müdafiəçiləri", bəzi jurnalist təşkilatları sanki heç nə olmamış kimi öz "işləri" ilə məşğuldurlar.
Belə olan halda sual yaranır: necə olur ki, qanunsuz aksiyalarda müxalifət partiyalarının hər hansı üzvü saxlanılarkən özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunus həmin şəxsin adını dərhal "siyasi məhbus" siyahısına salaraq beynəlxalq təşkilatlara ötürür...
Necə olur ki, Azərbaycanda siyasi mülahizələrlə həbsi iddia edilən şəxslər olanda dərhal Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov bəyanat verir...
Görünür, beynəlxalq institutların ciblərinə göz dikməyə adət edən, onlardan aldıqları qrantla fəaliyyət göstərən və elə onların diktəsi ilə də oturub-duran bu cür təşkilatlara moldovalı ombudsmanın müdafiəsinə qalxmaq üçün də qrant vermək lazımdır. Açıq-aydın görünür ki, ümummilli məsələlər həmin "hüquq müdafiəçiləri"nin iş prinsipinə yaddır.
Bir sözlə, bu məlum hadisədən sonra bizim hüquq müdafiəçiləri, xüsusən də jurnalist hüquqlarının, söz azadlığının qorunması ilə məşğul olan bəzi təşkilatların məsələyə ikili standartlarla yanaşdıqları bəlli olur. Bu, ondan xəbər verir ki, onların başqa hallarda yaratdıqları hay-küy, sadəcə, siyasi dividend üçün - Azərbaycan hakimiyyətini qaralamaq üçün olub.
Qeyd edək ki, heç bir təzyiqdən çəkinmədən Ermənistanda bu ölkənin Azərbaycan ərazilərinin 20 faizini zəbt etdiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, Xocalıda soyqırımı aktı törətdiyini bəyan edən moldovalı ombudsmanın çıxışı insan haqları üzrə ixtisaslaşan bir çox beynəlxalq təşkilatlar üçün nümunə rolu oynadı. Dünya birliyi, bəzi beynəlxalq qurumlar hələ sussalar da, Azərbaycanda fəaliyyət göstərən bir çox təşkilat və qurumlar Aureliya Qriqoriunun müdafiəsi ilə bağlı bəyanatlar yayırlar.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin məsələ ilə bağlı hazırladığı bəyanatda qeyd edilir ki, Ermənistanın təcavüzkar siyasətini davam etdirdiyini etiraf etməyin vaxtı çoxdan çatıb.
Bəyanatda deyilir: "Biz, Dağlıq Qarabağdan olan məcburi köçkünlər çox təəssüf hissi ilə qeyd edirik ki, insan hüquqlarının müdafiəsi ilə bağlı daim bəyanatlar səsləndirən Avropa qurumları baş verən bu kobud hüquq pozuntusuna heç bir münasibət bildirməmişlər. Hesab edirik ki, BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların toplantılarında bu məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilməli və Ermənistanda beynəlxalq tədbirlərin keçirilməsinə qadağa qoyulmalıdır.
Bir daha diqqətə çatdırırıq ki, regionda etnik təmizləmə siyasətini həyata keçirmiş, bütün bəşəriyyət üçün qara ləkə olan Xocalı, Qaradağlı və neçə-necə qanlı soyqırımlarını reallaşdırmış Ermənistan Respublikası dünya birliyi tərəfindən tanınmış dəyərlərə növbəti dəfə tam hörmətsizlik nümayiş etdirmişdir".
"Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ümidvar olduğunu bildirib ki, Ermənistanın qeyri-insani hərəkətləri beynəlxalq birlik tərəfindən kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcəkdir.
Beynəlxalq qurumlara, insan hüquq və azadlıqları ilə məşğul olan təşkilatlara ünvanlanan bu bəyanatlara, müraciətlərə əsaslanaraq biz də ümid edirik ki, yaxın günlərdə Ermənistan hakimiyyətinin bu çirkin əməli ATƏT-in, Avropa Şurasının iclaslarında müzakirə olunaraq pislənəcək və "Freedom House", "Human Rights Watch", "Amnistey İnternational", eləcə də "Sərhədsiz reportyorlar"ın növbəti hesabatlarında öz əksini tapacaqdır.
Mehdi
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20