Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 126.2.4, 126.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxslər- Abdullayev Fərhad Nurəddin oğlu və Abdullayev Həsən Nurəddin oğlunun növbəti məhkəmə prosesi keçirilib. 

"Unikal" xəbər verir ki, zərərçəkmişlər Gülverdiyev İlqar və Gülhəsən qardaşları rəsmi olaraq ərizə veriblər ki, təqsirləndirilən şəxslərlə barışıblar, onlardan heç bir şikayətləri yoxdur. 

Vəkil Mirzə Həsənov təqsirləndirilən şəxslər barədə yaşayış yerindən verilən müsbət xasiyətnaməni hakimə təqdim edib. 

Sonra təqsirləndirilən şəxslərin vəkili Mirzə Həsənov müdafiə nitqi ilə çıxış edib: "Hadisənin baş verməsinə gəlincə Həsən görüb qardaşını bıçaqlayıblar. Ondan sonra o da bıçağa əl atıb. Özləri də gedib polisə könüllü təslim olublar. Məhkəmədən xahiş edirəm ki, Həsənə əvvəl hansı maddə verilibsə, yəni 126.1-ci maddə yenidən o maddə tətbiq olunsun. Fərhada isə 221.3-cü maddə ilə yüngül cəza verilsin. Və hər ikisinə  Cinayət Məcəlləsinin 70-ci maddəsi təqdim olunsun. 

Təqsirləndirilən şəxs Həsən Abdullayev son söz nitqi ilə çıxış edərək hakimdən ona şərti cəza verilməsini xahiş etdi. Fərhad Abdullayev isə son sözə hazır olmadığını bildirdi. 

Məhkəmə bu səbəbdən dekabr ayının 2-nə kimi təxirə salındı. 

Qeyd edək ki, dövlət ittihamçısı Valeh Ələkbərov  Həsən Abdullayevin 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə 9 il 6 ay, Fərhad Abdullayevin isə 221.3-cü maddə ilə 3 il 6 ay müddətinə  azadlıqdan məhrum edilməsini istəyib. 
Onu da bildirək ki, hər iki təqsirləndirilən şəxs barəsində həbslə olmayan qətimkan tədbiri seçilib. 

Xatırladaq ki, bıçaqlanma hadisəsi bu ilin əvvəlində Binəqədi rayonu ərazisində qeydə alınıb.

Seymur Əli