Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidəki etirazlar zamanı 50 polis əməkdaşının yaralandığını bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərini "RİA Novosti" sitat gətirib. 

Siyasətçinin sözlərinə görə, Tbilisidəki etirazlar dinc aksiya deyil.

“Gördünüz ki, 500 nəfərə yaxın etirazçılar tərəfindən sistematik zorakılıq olub. Molotov kokteyli, polisə qarşı pirotexniki vasitələrdən istifadə edilib, bundan sonra onlar ağır yanıq xəsarətləri alıblar”,- o vurğulayıb.

Gürcüstanın paytaxtında hakimiyyətin  2028-ci ilə qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırmaq qərarına görə etirazlar noyabrın 28-dən davam edir. Bir gün əvvəl polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək parlament binası yaxınlığında etirazçıları dağıdıb. Aksiya iştirakçıları, jurnalistlər və hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıb.