Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitələri hazırlama, saxlama, daşıma) maddəsi ilə təqsirləndirilən Xəlilov Famil Malik oğlunun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, dövlət ittihamçısı Rauf Malışov çıxış edərək Famil Xəlilovun həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı təklif verib. Sonra vəkil Fariz Namazlı da Famil Xəlilin sağlamlıq durumunu nəzərə alaraq müvəkkilinin ev dustağlığına buraxılması ilə bağlı vəsatət verib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra qərar elan olunub. Hakim Azər Tağıyevin qərarına əsasən məhkəmə Famil Xəlilin sağlamlıq durumunu, məhkəmədən yayınmacayağını nəzərə alaraq onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edib.
Xatırladaq ki, bu il mayın 2-də saxlanılan Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Qolları serebral iflic olan Famil Xəlilov 1-ci qrup əlildir. Qeyd edək ki, Famil Xəlil 2015-ci ildən 2023-cü ilə kimi İsveçdə mühacir həyatı yaşayıb.
Seymur Əli