Nazirlərin "xidməti maşın" korrupsiyası
21:02 14-07-2013
İQTİSADİYYAT
Nazirlərin "xidməti maşın" korrupsiyası
Onların bahalı avtomobil sevdası büdcəni talan etməyin daha bir vasitəsinə çevrilib
Azərbaycanda bəzi yüksək vəzifəli şəxslərin ayrılan büdcə vəsaitləri ilə necə rəftar etdiyini söyləmək artıqdır. Onlar külli miqdarda dövlət vəsaitini ən müxtəlif yollarla mənimsəmək sahəsində xeyli peşəkarlaşıblar.
Müşahidələr göstərir ki, bir çox iri məmurlar məhz büdcə pulları hesabına dəbdəbəli həyata, komforta meyllənirlər. Hətta iş o yerə çatıb ki, bəzi nazir, komitə sədri və digər yüksək çinlilər az qala ildə bir-iki dəfə xidməti avtomobil dəyişirlər. Bu avtomobillər kifayət qədər bahalıdırlar. Dünyanın aparıcı avtomobil markalarına meyl edən məmurlar ən son model buraxılışlara həvəsləri ilə də seçilir.
Qeyd edək ki, hələ ötən ilin əvvəllərində Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" qərar qəbul edib. Bu qərarın üstündən uzun zaman keçməsinə baxmayaraq, onun icrası istiqamətində demək olar ki, heç bir nəzərə çarpacaq addım atılmır.
Nazirlər Kabinetinin məlum qərarı dövlət təşkilatlarında olan avtomobillərin sayını və sərf olunan yanacağın həcmini məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Qərarda dövlət büdcə təşkilatlarında istifadə olunacaq xidməti minik avtomobillərinin say həddi - limiti, eləcə də xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri üçün aylıq yürüş həddi və istismar xərclərinin normaları təsdiq edilib. Qərara əsasən hərbi qurumlar, milli təhlükəsizlik, hüquq-mühafizə və prokurorluq orqanları, rayon məhkəmələri istisna olmaqla bütün dövlət qurumlarında avtomobillərə limit nəzərdə tutulur. Həmçinin rayon (şəhər) icra hakimiyyətlərinin malik ola biləcəyi avtomobillərin sayı da müəyyənləşdirilib. Limitdən artıq hesab edilən avtomobillər isə satışa çıxarılmalı idi. Hələ indiyə qədər hansısa qurumda xidməti avtomobillərin məhdudlaşdırılması faktına rast gəlinməyib. Bu bir yana, hələ üstəlik bəzi məmurlara qiyməti yüz mindən artıq olan xidməti avtomobillərin ayrıldığına dair məlumatlar gəlir.
Bildirildiyinə görə, elə dövlət qurumları var ki, onların rəhbərləri ildə ən azı bir dəfə, özü də təxminən 150-200 min manatlıq xidməti maşın alırlar.
Bizim araşdırmalarımız zamanı məlum oldu ki, qonşu ölkələrdə bu məsələ ilə bağlı çox ciddi prosedurlar həyata keçirilir. Məsələn, Rusiyada xidməti avtomobillər yalnız yerli istehsal olmalıdır. Yaxud Gürcüstanda xidməti avtomobillər üçün ayrılan maksimum məbləğ 16 mindən yuxarı ola bilməz. Təbii ki, xidməti avtomobillərin kimə verilə biləcəyi ilə də bağlı da çox dəqiq kriteriyalar və məhdudiyyətlər müəyyənləşdirilib. Amma Azərbaycanda bəzi iri məmurlar nə dövlət vəsaitlərinə qənaət, nə də ölkədə çox sayda insanın adi qida ehtiyaclarını təmin edə bilmədikləri haqda düşünürlər. Onların yeganə istəyi - büdcə pulları hesabına ən gözqamaşdırıcı komformizmə nail olmaq, dəbdəbəli yaşamaqdır.
Reallıq ondan ibarətdir ki, bizdə əksər nazirlik və dövlət komitələrində maşınların markası və onların dəyəri ilə bağlı heç bir məhdudiyyət yoxdur. Xidməti avtomobillərin nə zaman yenilənməsi, köhnəlmiş maşınların sonrakı taleyi və s. qaranlıq qalır. Bunun nəticəsi olaraq əksər iri məmurlar ən müasirlərindən tutmuş, ən bahalılarına qədər ən müxtəlif avtomobil markalarından xidməti maşın kimi istifadə edirlər. Özü də yalnız dövlət büdcəsi hesabına deyil, həm də özlərinin daxili vəsaitləri hesabına xidməti avtomobillər alırlar. Elə dövlət qurumları var ki, orada xidməti maşınların sayını hesablamaq belə, mümkünsüzdür. Bütün bunlar onun nəticəsidir ki, bir çox sahələrdə olduğu kimi, bu sahədə də təsərrüfatsızlıq və korrupsiya halları geniş yayılıb.
Ekspertlər hesab edirlər ki, artıq bəzi iri məmurların dövlət vəsaitləri ilə belə şıltaq münasibətinə son qoyulmalıdır. Çünki bu, bir tərəfdən hər il külli miqdarda dövlət vəsaitinin "yoxa çıxması" , digər tərəfdən isə sosial durumu ağır olan vətəndaşlarda hökumətə qarşı qıcığın yaranması deməkdir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40