Ermənistan parlamentinin spikeri Alen Simonyan mühüm məlumatları mətbuata sızdırdığı üçün deputat Ovik Ağazaryanı öz əli ilə boğmaq istədiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
"Düzünü desəm, mən son vaxtlara qədər cənab Ağazaryanı qorumaq üçün hər cür cəhd etdim, amma dünənki iclasdan sonra (partiya idarə heyətinin - red.) şəxsən mən onu boğmaq istəyirdim... O, tövbə etmədi, üstəlik kifayət qədər aqressiv idi və hətta məndə onun adekvatlıq problemi olduğu təəssüratı yarandı", - Simonyan deyib.
Qeyd edək ki, erməni deputat artıq iqtidar partiyadan xaric edilib.
Bu gün keçirdiyi brifinqdə “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Konjorian bildirib ki, Ağazaryan fraksiya iclaslarından və digər müzakirələrdən, o cümlədən dövlət təhlükəsizliyi ilə bağlı dərc olunmayan məlumatları sızdırıb.
Mövzunu parlamentin spikeri qaldırıb və bildirib ki, məxfi informasiyalar, o cümlədən baş nazirin qonşu dövlətin (Azərbaycan nəzərdə tutulur – red.) liderləri ilə görüşləri ilə bağlı məlumatlar mediaya sızdırılıb.
Ağarza Elçinoğlu