Niderlandda polis bölmələri və həbsxanalarda yer çatışmazlığı səbəbindən hökumət məhbusları cəzalarının bitməsinə üç gün qalmış evlərinə göndərməyə başlayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Niderlandın Ədliyyə və Təhlükəsizlik Nazirliyinin dövlət katibi İnqrid Kunradi bildirib.

Dövlət katibi parlamentə göndərdiyi məktubda qeyd edib ki, “bu, məhbusların və cinayətkarların yerləşdirilməsini davam etdirməyin yeganə yoludur”.

“Mənim üçün əsas odur ki, cinayəti törədən şübhəli şəxs saxlanılsın və ya həbs olunsun. Bu, qanunun aliliyi üçün çox vacibdir”, - deyə Kunradi qeyd edib.

Onun sözlərinə görə, bu tədbir müvəqqəti xarakter daşıyır. Yeddi günə qədər həbsdə olanlar, habelə müəyyən psixi pozğunluğu olan şəxslər istisna olmaqla, bütün məhbusların vaxtından əvvəl azad edilməsi hüququ var.

Problemin həlli variantlarından biri kimi Niderland hakimiyyəti Estoniyada həbsxana kameralarının icarəyə götürülməsi imkanını nəzərdən keçirir.