Birləşmiş Millətlər Təşkilatının (BMT) Məcburi İtkinlər Komitəsi Kolumbiyanın paytaxtı Boqotadakı hava limanının anqarında təxminən 20 min naməlum meyitin gizlədildiyini iddia edib.
"Unikal" xəbər verir ki, bu barədə BMT-nin Məcburi İtkinlər Komitəsinin eksperti Carmen Rosa Villa məlumat yayıb.
Villa bildirir ki, bu meyitlər hələ də dəfn olunmayıb, çünki şəxsiyyəti müəyyən etmək mümkün deyil və ya qeyri-mümkündür. Meyitlərin mühafizə altında saxlandığını bildirən Villa, "Lazımlı məhkəmə-tibbi araşdırmaları aparacaq təhsilli mütəxəssis yoxdur. Üstəlik, meyitləri lazımi şəkildə qoruyacaq yer də yoxdur", - deyib.
Kolumbiya Hüquq, Tibb və Məhkəmə Elmləri İnstitutu BMT-nin iddialarını rədd edərək, Boqota hava limanında belə bir anqarın olması barədə məlumatlarının olmadığını açıqlayıb. Meyitlərin Kolumbiyada illərdir davam edən qarşıdurmalarda həyatını itirən və ya itən insanlarla əlaqəsi olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib.
Yerli mətbuatın məlumatına görə, daha əvvəl məlumat çatışmazlığı səbəbindən təhvil verilə bilməyən 8 min naməlum cəsədin Boqotada İtmiş İnsanların Genetik Profilləri Bankının anbarlarında saxlandığı bildirilib. BMT-nin bu iddiası Kolumbiyadakı münaqişələrdə məcburi itkin düşmələr və itkin düşən insanlarla bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Gülayə Mecid