İran Suriyadan diplomatlarını, hərbi məsləhətçilərini və mülki şəxsləri çıxarmağa başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "The New York Times" regiondakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, dekabrın 6-da İranın Dəməşqdəki səfirliyinin bəzi əməkdaşları, onların ailələri və mülki şəxslər Suriyanı tərk etməyə başlayıblar. Bəziləri təyyarə ilə Tehrana, digərləri qurudan Livan, İraq və Suriyanın Latakiya limanına göndərilib.
Təxliyə edilənlər arasında Suriyada hərbi müşavir kimi fəaliyyət göstərən Qüds Qüvvələrinin iki generalı da var. Onların Həma şəhərinin üsyançılar tərəfindən tutulmasından və kürd qoşunlarının Deyr əz-Zora çatmasından sonra ölkəni tərk etdikləri deyilir.
Mənbələrin sözlərinə görə, təxliyə regionda vəziyyətin kəskin dəyişməsi və İranın əvvəlki formatda fəaliyyətini davam etdirə bilməməsi ilə bağlıdır.
Ağarza Elçinoğlu