Dekabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Qızılağac Milli Parkında “II Flaminqo Festivalı" keçirilib.
"Unikal" xəbər verir ki, festivalda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov festivalı təbiət bayramı kimi xarakterizə edib. İcra başçısı xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsinin, bioloji müxtəlifliyin qorunub saxlanılmasının, təbii resurslardan səmərəli istifadə edilməsinin və ekoturizmin inkişafına diqqət göstərilməsinin Ümummilli Lider Heydər Əliyevin ekoloji siyasətindən irəli gəldiyini vurğulayıb və bu siyasətin dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Taleh Qaraşov təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməsi baxımından belə festivalın keçirilməsinin əhəmiyyəti barədə danışıb. İcra başçısı festivalın keçirilməsi ilə ekoloji biliklərin təbliğinə, gələcək nəsillərin maarifləndirilməsinə və ekoturizmin inkişafı üçün yeni imkanların yaranmasına töhfə veriləcəyini ifadə edib.
Festivalın keçirilmə məqsədləri barədə danışan ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, festivalın keçirilməsində əsas məqsəd nadir heyvanların mühafizəsinə cəmiyyətin diqqətinin artırılması, flora və fauna növlərinin qorunmasıdır. Nazir müavini unikal coğrafi mövqedə yerləşən ölkəmizin ərazisinin 10,3 faizinin xüsusi mühafizə olunan təbiət əraziləri olduğunu vurğulayıb.
Sonra tədbir iştirakçıları festival çərçivəsində nümayiş olunan Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlərlə, məlumat lövhələrilə tanış olublar.
Festival çərçivəsində tədbir iştirakçıları tərəfindən Qızılağac Milli Parkının körfəz ərazisinə 200 min balıq körpəsi buraxılıb. Sonda konsert proqramı təşkil olunub.