ABŞ qeyri-kommersiya təşkilatları və iğtişaşlara dəstək vasitəsilə Gürcüstandakı etirazlara təsir göstərməyə çalışır.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" qəzeti yazır.
Mətndə deyilir: "Gürcüstanın küçələri getdikcə daha çox on il əvvəlki, müharibədən əvvəl, Rusiya ilə gərginliyin artmağa başladığı Ukraynanı xatırladır".
Materialda qeyd edildiyi kimi, böyük dövlətlər “tez-tez bu regionda münaqişələrə müdaxilə edirdilər”. NYT yazır ki, Amerika Birləşmiş Ştatları və onun avropalı müttəfiqləri qeyri-kommersiya təşkilatlarını və ölkəni Qərbə yaxınlaşdırmağa çalışan əhalinin təbəqələrini dəstəkləməklə Gürcüstanda baş verən hadisələrə təsir göstərməyə çalışırlar. Nəşr qeyd edir ki, bu addım Gürcüstan hökumətini “qıcıqlandırıb”.
Bundan əvvəl Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bəyanatında deyilirdi ki, Gürcüstanın paytaxtı Tbilisidə hökumət əleyhinə mitinqlər yerli fəallar tərəfindən xarici kəşfiyyat xidmətləri ilə razılaşdırılaraq keçirilib.
Gülayə Mecid