Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir Rüstəmovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Məmmədov Ağa Mübariz oğlunun məhkəmə prosesinin ilin baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxs Ağa Məmmədov zərərçəkən şəxs Məmmədov Anar Vaqif oğlunun 2021-ci ilin sentyabr ayından həmin ilin noyabr ayının sonuna kimi 362 min 230 manat pulunu qadın pariki alıb satmaq adı ilə alaraq dələduzluq edib. Anar Məmmədov ifadə verərək bildirib ki, əvvəllər mebel və parfüm işi ilə məşğul olub. Bu dövr 2007-ci ildən 2020-ci ilə kimi olan dövrü əhatə edir. Bu işə qoşulanda restoran işi ilə məşğul olub. Mən həmin vaxtı 2 yerdə ev almaq istəyirdim, ancaq hamısını verdim Ağaya. Bu məbləğ məndən başqa 2 dostumun olub, mənim 204 min pulum olub".
Məhkəmənin növbəti gedişində şahid, təqsirləndirilən şəxsin anası Şahidə Məmmədova ifadə verib: "Oğlumun iş yerinə gedəndə orda bir borc dəftəri gördüm. Ağa dedi Anar adlı şəxsə 50 min borcum var. 2 qohumumdan 30 min bir, 7 min də bir borc alıb verdim. Sonra evimi satıb həmin borcları verdim.
Təqsirləndirilən şəxs, hazırda polis nəzarəti qətimkan tədbiri seçilən Ağa Məmmədov sərbəst ifadə verərək bildirdi ki, insanların başına parik yapışdırmaq işi ilə məşğul olub: "Bir dəfə mənə təcili 500 manat pul lazım oldu, parik saçı alıb satmalı idim. Bir günə 600 manat xeyir var idi. Göndərdi deyilən məbləği, bir günə alıb yapışdırıb satdım, xeyrin yarısını da Anara göndərim. Sonra Anarla görüşdük və razılaşdıq bir yerdə işləməyə. İlk olaraq 15 min manat verdi, üstündə 5 min 700 manat manat xeyirlə qısa müddətə qaytardım. İşimiz bundan ibarət idi ki, Ruslan adlı şəxsə parik saçın rəngini, formasını sifariş verirdik, o da ya Çindən, ya da Türkiyədən sifarişi gətirirdi. Malın çatdırılıb satılmasının müddəti 4 gün idi. Ümumilikdə aramızda 50 dəfədən çox pul alveri olub. Mənim Anara qalan borcum 48 min manatdır".
Sonra Mollayev Tahir Hamlet oğlu şahid qismində ifadə verərək bildirdi ki, Ağa Məmmədov mənə 140 min manat ziyan vurub, əslində mən zərərçəkənəm, şahid yox. Ağanı Günay adlı bir xanım vasitəsilə tanımışam. 56 min, 40 min və müxtəlif məbləğdə pul verdim, 3-4 aya qazanc verməli idi. Nə isə, bu pul şişdi oldu 150 min. Bu işdə Fərid adlı şəxslə ofisdə tanış oldum. Mənim pulum Ağada yox, Fəriddədir. Orda mənə saç pariklərini göstərdilər. Sonra Ağa qaçdı, 2 ildən sonra qayıdıb gəldi.
Hakim Elmir Rüstəmov Tahir Mollayevə bildirdi ki, sən bu işdə mülki münasibətlərlə bağlı məhkəməyə müraciət edə bilərsən, sən bu cinayət işində faiz verən kimi tanınmısan.
Məhkəmə prosesi 28 dekabr tarixinə kimi təxirə salındı.
Seymur Əli