Bu ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 13,2 milyard dollar təşkil edib.

"Unikal" trend-ə istinadən xəbər verir ki, bunun 7,4 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 5,8 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Məlumata görə, ümumilikdə, xidmətlər balansında yaranan kəsir 10,5% azalaraq 1,6 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1,4 milyard dollar olub. Qeyri neft-qazsektoru üzrə xidmətlər balansının kəsiri isə neytral səviyyəyə (0,2 milyard dollar) çatıb.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 28,5%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 3,7 milyard dollar olan nəqliyyat xidmətlərinin 61,5%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 2,3 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1,4 milyard dollar təşkil edib.

Dövr ərzində qeyri neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 14,8%, idxalı isə 10,4% artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 5,5% artaraq 862,1 milyon dollar olub.

Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2023-cü ilin 9 ayında 816,9 milyon dollar təşkil edib. 2024-cü ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 42,7% artaraq 2,8 milyard dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə ixracın (1,6 milyard dollar) idxalı (1,2 milyard dollar) üstələməsi nəticəsində 0,4 milyard dollar həcmində profisit yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18,9%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 29,1% artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1,2 milyard dollar olub. Bunun 78,4%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 11,4% daralaraq 25,0 milyon dollar təşkil edib. Qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 57,3% artaraq 1,4 milyard dollar olub.