Milli Məclisinin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc redaksiyaya zəng edərək adının hallandığı məhkəmə prosesi barədə fikirlərini bildirib.

"Unikal"a açıqlama verən deputat deyib ki, adıçəkilən şəxslərin heç birini tanımır və belə bir hadisənin olmasından, ümumiyyətlə, xəbərsizdir: "Görünür, kimlərsə tanınmış bir şəxs olduğum üçün əsassız yerə mənim adımdan istifadə edib".  

***

Deputat Zahid Orucun adı hallanan dələduzluq işi ilə bağlı məhkəmə prosesi başlayıb.

"Unikal"ın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilib.

Belə ki, hazırda cinayət işində təqsirləndirilən şəxs qismində tanınan, Cinayət Məcəlləsinin 178.3.2  (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunan Günay Həziyeva adlı qadın qızıl alverçisi kimi tanınan Sevinc Hümmətova ilə münasibətlər quraraq ondan külli miqdarda lom formasında qızıl götürüb. Zərərçəkən Sevinc Hümmətova məhkəmədə verdiyi ifadəsində bildirib ki, Günay ondan millət vəkili Zahid Orucun adından istifadə edərək onun üçün 700 qram qızıl alıb: "Hətta əlindəki bahalı "İpone" markalı telefonu da deyirdi ki, mənə Zahid Oruc alıb. Bir dəfə dedi ki, Türkiyədə 45 min manat alacağım var. Zahid Oruc gedir onu alıb gətirməyə. Gətirən kimi gedib bağında 15 gün dincələrik. Sən demə bizimlə telefonda konfransda Zahid Oruc adı ilə Anar adlı şəxs danışıb. Sonra Səbuhi adlı şəxsə ərə getdi, hətta evinə qonaq da çağırdı. Ondan sonra Səbuhi ilə birləşərək maşın alıb- satmaq adı ilə qızıllarımızı ələ keçirdi. Belə sözlərlə aldadıb Günay bizdən 2021-ci il ərzində 186 min 500 manatlıq qızıl-zinyət əşyalarımızı etibarımızdan sui istifadə edərək ələ keçirib".

Təqsirləndirilən şəxs Günay Həziyeva isə məhkəmədə özünü təqsirli bilməyib və ittihamı qəbul etmədiyini söyləyib.

Cinayət işinin sənədlərindən məlum oldu ki, ekspertiza qızılları 328 min manat dəyərində qiymətləndirib. 

Sevinc Hümmətovadan başqa onun qohumları olan digər 3 nəfərdə eyni məzmunda ifadə verərək Günay Həziyevadan şikayətçi olduqlarını bildirdilər. 

Qeyd edək ki, Günay Həziyeva dəymiş ziyandan 10 min manat zərərçəkmiş Cəmilə Zeynalovaya ibtidai istintaq müddətində ödəyib. 

Zərərçəkmiş Sevinc Hümmətova hətta millət vəkili Zahid Oruca teleqram vurduğunu da qeyd etdi və bildirdi ki, Günay Həziyevanın Zahid Orucun adını hallandırması ilə bağlı səs yazılarını ibtidai istintaqa təqdim edib. 

Məhkəmə prosesi 19 dekabr tarixinə kimi təxirə salınıb.

Seymur Əli