Dekabrın 17-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilə ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Baş Statistika İdarəsinin baş direktoru Nguyen Thi Huongun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
"Unikal" xəbər verir ki, görüşdə Azərbaycan ilə Vyetnamın bir-birinin maraqlarına hörmət edən dost və tərəfdaş ölkə olduqları, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafının böyük məmnunluq doğurduğu qeyd edilib.
Xalqlarımız arasındakı münasibətlərin təməlinin hələ SSRİ dövründə qoyulduğu xüsusi vurğulanaraq Vyetnam xalqının öndəri Ho Şi Minin 1959-cu ildə Azərbaycana, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfərinin tarixi əhəmiyyəti qeyd olunub.
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra qarşılıqlı səfərlərin əhəmiyyəti nəzərə çatdırılaraq 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfərinin, 2015-ci ildə isə Vyetnam Prezidenti Truonq Tan Sanqın Azərbaycana rəsmi səfərinin ölkələr arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələlərdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaratdığı vurğulanıb. Bu gün iki ölkənin liderlərinin siyasi iradələri sayəsində ölkələrimiz arasında fəal siyasi dialoqun və beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığın mövcud olduğu bildirilib.
Milli maraqlara və müasir çağırışlara əsaslanan siyasət həyata keçirməklə davamlı sosial-iqtisadi inkişafı təmin edən və beynəlxalq müstəvidə mövqelərini möhkəmləndirən Azərbaycan ilə Vyetnamın iqtisadi-ticari, mədəni-humanitar, təhsil, turizm, enerji və digər sahələrdə işbirliyinin genişləndirilməsində maraqlı olduqları diqqətə çatdırılaraq müvafiq dövlət qurumları, o cümlədən Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında əməkdaşlığın önəmi vurğulanıb.
Hər iki ölkənin statistika sahəsində təcrübəsinin qarşılıqlı maraq doğurduğu qeyd olunaraq müvafiq dövlət qurumlarının fəaliyyəti barədə ətraflı məlumat verilib, islahatlardan və innovasiyaların tətbiqindən bəhs edilib.
Komitə sədri Tahir Budaqovun 2023-cü ildə Vyetnama səfəri çərçivəsində baş direktor Nguyen Thi Huongunlə görüşü məmnunluqla xatırlanaraq həmin görüş zamanı gələcək əməkdaşlığa dair səmərəli fikir mübadiləsinin aparıldığı bildirilib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında “Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Vyetnam Baş Statistika İdarəsinin baş direktoru Nguyen Thi Huong imzalayıblar.
Memorandumdan irəli gələn vəzifələrin icra olunmasının səmərəli nəticələr verəcəyinə - statistika sahəsində əməkdaşlığın inkişafına, beynəlxalq səviyyədə müqayisə edilə bilən və hər iki ölkənin sosial-iqtisadi vəziyyətini əks etdirən statistik məlumatlar mübadiləsinin genişləndirilməsinə və dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.