Futbol üzrə Almaniya çempionatının 15-ci turuna “Boxum 1848” – “Haydenhaym” və “Volfsburq” – “Borussiya Dortmund” görüşləri ilə yekun vurulub.

"Unikal" xəbər verir ki, günün ilk qarşılaşmasında “Boxum 1848” doğma meydanda 2:0 hesabı ilə qalib gələrək bu mövsümdə ilk qələbəsini qazanıb. “Haydenhaym” isə ardıcıl yeddinci məğlubiyyətini yaşayıb. Digər qarşılaşmada isə “Borussiya Dortmund” səfərdə “Volfsburq”u məğlub edib – 3:1.

Xatırladaq ki, bu turda oynanılan doqquz qarşılaşmanın üçündə 5:1 hesablı nəticə qeydə alınıb. “Bavariya” - “Leyptsiq”, “Holştayn Kiel” - “Auqsburq” və “Bayer Leverkuzen” - “Frayburq” matçları eyni hesabla başa çatıb – 5:1. “Verder Bremen” ev oyununda “Union Berlin”i məğlubiyyətə uğradıb - 4:1. Ötən tur səfərdə “Leyptsiq”ə uduzan (1:2) “Ayntraxt Frankurt” evdə “Maynz 05”ə 1:3 hesabı ilə məğlub olub. “Borussiya Münxenqladbax” səfərdə “Hoffenhaym”a 2:1, “St. Pauli” isə “Ştutqart”a 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, 15 turdan sonra “Bavariya” 36 xalla Bundesliqada liderliyi davam etdirir. Münxenliləri son beş turda ardıcıl qələbə qazanan “Bayer Leverkuzen” (32 xalla) izləyir. Aktivlərində 27 xal olan “Ayntraxt Frankurt” və “Leyptsiq” üçüncü və dördüncü pillələrdə qərarlaşıblar. “Maynz 05” 25 xalla beşinci, onunla eyni xala malik “Borussiya Dortmund” altıncı, “Verder Bremen” isə yeddinci pillələrdə yer alıb. Eyni - 24 xala sahib “Borussiya Münxenqladbax” və “Frayburq” sonrakı 7-8-ci sıralardadır. “Ştutqart” (23 xal) onuncu, altı oyunluq məğlubiyyətsizlik seriyası bu turda qırılan “Volfsburq” (21 xal) 11-ci pillədə yer alıb.

Bundesliqada sonrakı yerləri “Union Berlin” (17), “Auqsburq” (16), “St Pauli” (14), “Hoffenhaym” (14), “Haydenhaym” (10), “Holştayn Kiel” (8) və “Boxum 1848” komandaları qərarlaşıblar.

Almaniya çempionatının 16-cı turunun görüşləri yanvarın 10-12-də keçiriləcək.