İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. İsrail Dövləti bu əlamətdar günü Sizinlə birgə qeyd edir.
Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadi inkişafın, firavanlığın, sülhün və sabitliyin hökm sürdüyü dinamik inkişaf edən dövlətə çevrilib. Bunun, əlbəttə ki, ən gözəl təcəssümü ölkənizin nümunəvi dini tolerantlıq və anlayış modelidir. Xüsusilə antisemitizmin bütün dünyaya yayıldığı bu dövrdə Azərbaycan birlikdə harmoniyada yaşamaq üçün kollektiv potensialın parlaq nümunəsidir. Bununla da Siz atanız, möhtərəm Heydər Əliyevin əziz xatirəsini uca tutaraq bütün sahələrdə olduğu kimi, onun sülh yolunu da davam etdirirsiniz.
Sizin gözəl qeyd etdiyiniz kimi, multikulturalizm qəbul edilməli olan bir nemətdir. Sizdən bu səmimi münasibəti birbaşa hiss edən Azərbaycanın yəhudi icması xalqlarımızı daha möhkəm birləşdirən canlı körpü rolunu oynayır. Sizin ölkənizlə strateji tərəfdaşlığımız həm İsrail, həm də daha geniş regionumuz üçün sabitliyi təmin edir. Biz bir çox sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək və möhkəmləndirmək üçün Sizinlə işləməyə davam etmək fürsətinə görə dərin minnətdarlığımızı bildiririk.
Gözəl ölkənizə səfərimiz zamanı sizin və birinci xanım Mehriban Əliyevanın məni və xanım Mixalı səmimi və xoş qarşılamağınızı həmişə xatırlayır və bunu yüksək qiymətləndiririk. Ümid edirəm ki, yaxın gələcəkdə həm Sizi, həm də birinci xanım Mehriban Əliyevanı İsraildə qarşılamaq şərəfinə nail olacağam. Əlbəttə, mən də Sizi növbəti dəfə Davosda keçiriləcək Dünya İqtisadi Forumunda görməyi səbirsizliklə gözləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, Sizi keçən ay COP29-a uğurla ev sahibliyi etməyiniz münasibətilə təbrik etmək istərdim. Azərbaycan millətlər birliyində liderdir və bu, gələcək nəsillərin sağlamlığının, təhlükəsizliyinin təmin edilməsinə sadiq olduğunuzun növbəti təzahürü idi.
2024-cü ili yola salıb 2025-ci ili qarşıladığımız vaxtda mən də səmimi-qəlbdən arzu edirəm ki, yeni il Sizin üçün, ailəniz və bütün Azərbaycan xalqı üçün uğur və firavanlıq ili olsun".