Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dərin hüznlə başsağlığımı və yaralananlara şəfa diləklərimi qəbul edin.

Bu çətin anda Türkmənistan xalqı, Hökuməti adından və şəxsən öz adımdan həlak olanların bütün doğmalarına və yaxınlarına başsağlığımızı, eləcə də zərərçəkənlərə tezliklə şəfa tapmaları ilə bağlı arzumuzu çatdırmağınızı xahiş edirəm".

*** 

Bolqarıstan Prezidenti Rumen Radev Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

Bolqarıstan lideri “X” sosial şəbəkəsindəki səhifəsində yazıb:

“Bolqarıstan Qazaxıstanda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar üçün kədərlənir. Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayıram”, - Radev yazıb.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.

Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.