ABŞ Federal Təhqiqatlar Bürosu və Daxili Təhlükəsizlik Departamenti Yeni Orleanda baş verənlərə bənzər terror aktlarının potensial təhlükəsi barədə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.

Bildirilir ki, şübhəlinin üzvü olduğu İŞİD terror təşkilatı 2014-cü ildən öz tərəfdarlarını terror aktları törətmək üçün maşınlardan istifadə etməyə çağırır. Televiziya şirkəti mənbələrinə əsasən bildirib ki, terror təşkilatı son aylarda, xüsusən də İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra bu cür cinayətlərə çağırışlarda fəallaşıb. Bununla belə, o da qeyd olunub ki, İŞİD-in Yeni Orleandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdüyünə dair hələlik məlumat yoxdur.

Qeyd edək ki, hadisə yanvarın 1-i gecə saatlarında Luiziana ştatının Yeni Orlean şəhərində baş verib. Sonradan adının Şamşud Din Cabbar olduğu müəyyənləşən şəxs yük maşınını Yeni ilin gəlişini qeyd edən insanların üzərinə sürüb. Nəticədə 15-dən çox insan həlak olub, 35-ə yaxın insan xəsarət alıb.