"Bəli, biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir. O cümlədən terrordan, PKK terrorundan əziyyət çəkən Türkiyə haqlı olaraq öz sərhədlərinin hüdudlarından o biri tərəfdə terrorun ləğv edilməsini tələb edir və nəinki tələb edir və buna nail olur".

"Unikal" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Artıq mən bu məsələyə öz münasibətimi bildirdim. Türkiyənin Suriyanın inkişafındakı rolu, əlbəttə ki, çox əhəmiyyətlidir və mən Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq. Türkiyənin dəstəyi ilə birinci yardım karvanı da yola düşdü. Çünki Türkiyənin dəstəyi və logistik dəstəyi olmasaydı, bu, mümkün ola bilməzdi. Eyni zamanda, bizim Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin oraya göndərilməsi də Türkiyənin dəstəyi ilə olub. Yəni, biz istəyirik, burada öz töhfəmizi verək ki, Türkiyənin heç olmasa bu sərhədində terrora son qoyulsun və hesab edirəm ki, bu, çox ciddi geosiyasi dəyişiklik olacaq, böyük coğrafiyada sülhün, sabitliyin, əməkdaşlığın bərqərar olmasına gətirib çıxaracaq. Təbii ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq", - deyə dövlət başçısı qeyd edib.