İran Suriyada böyük strateji məğlubiyyətə uğradı, lakin yenə də öz qüvvələrini respublikada yerləşdirməyə çalışacaq. 

"Unikal" xəbər verir ki, bu barədə İranın Suriyadakı komandirlərindən biri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Sərdar Behruz Taftani açıqlayıb. 

SEPAH komandiri deyib ki, ruslar bütün radar sistemlərini söndürüblər ki, İsrail İran komandirlərini asanlıqla hədəfə ala bilsin. O, bu hərəkətlər nəticəsində SEPAH-ın Qüds qüvvələrinin müavini, briqada generalı Məhəmməd Rza Zahidinin, Qüds qüvvələrinin Suriyadakı dəstək zabiti, briqada generalı Seyid Razi Musəvinin və Qüds qüvvələrinin kəşfiyyat üzrə müavini, briqada generalı Sadiq Omidzadənin öldürüldüyünü açıqlayıb. 

General həmçinin Rusiyanın Suriyadakı hava hücumlarının strategiyasını tənqid edib: "Ruslar Təhrir əş-Şam terrorçularının toplaşma mərkəzlərini bombalamaq və Türkiyə və Qətərin müvəkkil qüvvələrini zəiflətmək əvəzinə, yaşayış məntəqələrini və səhraları hədəfə alıb. 

Mən düşünmürəm ki, Suriyanı itirmək həqiqətən fəxr ediləcək bir şeydir. Məğlub olduq və bu, çox böyük itki idi, çox güclü zərbə aldıq və bu bizimçün çox çətin oldu".

Ağarza Elçinoğlu