Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri və ömürlük həbs cəzası alan Abdullah Öcalan tərəfdarlarına müraciət edərək silahlarını yerə qoymağa və uzun müddətdir davam edən silahlı qarşıdurmaya son qoymağa çağıra bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.
Məlumata görə, Öcalanın çağırışı həm Şimali İraq və Suriyadakı yaraqlılara, həm də təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq:
"Terrorun dayandırılması və PKK-nın ləğvi üçün başladılan prosesin birinci mərhələsi başa çatıb. İkinci və ya üçüncü görüşdə Öcalanın təşkilatın Suriya və Avropadakı qollarına çağırış edəcəyi bildirilir. Onun çağıırşında “muxtariyyət və ya federasiya” tələb etmədiyi və təşkilatın da bu tələblərdən əl çəkməsini, eləcə də silahlı mübarizəyə son qoymasını istəyəcəyi deyilir. PKK liderinin əlyazma mətni ilə müraciət edəcəyi ehtimal edilsə də, dövlətin icazəsi ilə audio-video zəng edə biləcəyi də düşünülür.
DEM partiyasının Öcalanla ikinci görüşünün yanvarın 15-də keçirilə biləcəyi deyilsə də, hələlik dəqiq tarix müəyyənləşməyib. Lakin hökumət də prosesin uzadılmasını istəmir. Əgər çağırış ediləcəksə, ikinci və ya üçüncü görüşdə Öcalanın lazımi addımı atacağına dair qətiyyət var. Bu proses zamanı PKK lideri ilə sövdələşmə və ya buna bənzər heç bir şey olmayacaq".
Həmçinin qeyd olunub ki, işlər yolunda getməsə belə, Öcalan ən geci fevralın ortalarında separatçı terror təşkilatını silahları yerə qoymağa çağıran yazılı mətn paylaşacaq. Bu çərçivədə ümumi amnistiya olmayacaq. Lakin Öcalan da daxil olmaqla 25 il cəza çəkmiş bütün məhbusların cəzaçəkmə şərtləri yaxşılaşdırılacaq. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq ev dustaqlığı və ya azadlığa buraxılma ehtimalı qiymətləndiriləcək.
Qeyd edək ki, Suriyada yeni dövrün başlaması ilə birlikdə Türkiyə hökuməti terror təşkilatı liderlərinin Suriyadan çıxarılması ilə bağlı ABŞ və Suriya rəhbərliyi ilə də danışıqlar aparır. Bildirilir ki, Türkiyə ölkəni tərk etməli olan təşkilat rəhbərlərinin siyahısını da Suriya rəhbərliyinə verib. Öcalanın çağırışları ilə eyni vaxtda Suriyanın yeni rəhbərliyi tərəfindən bu təşkilatların rəhbərlərinin ölkəni tərk etməsinə icazə veriləcəyi gözlənilir. Təşkilatın digər üzvlərinin də silahlarını yerə qoyması və Suriyada yeni administrasiyaya inteqrasiyası üçün yol açılacaq.
Ağarza Elçinoğlu