Sabiq vəkil Elman Paşayevə qarşı açılan yeni cinayət işi pilotsuz uçan aparatın yenidən satışı ilə bağlı ola bilər.

"Unikal" xəbər verir ki, bu barədə “Kommersant” qəzeti mənbələrə istinadən yazır.

Keçmiş vəkilə qarşı yeni iş bir gün əvvəl Moskva Qarnizonu Hərbi Məhkəməsinin iclasında məlum olub və onun həbs müddəti martın 15-dək uzadılıb. Paşayevə qarşı dələduzluq maddəsi ilə daha bir cinayət işi açılıb. İş üzrə zərərçəkən Zaxarov soyadlı kişidir. O, bağlı qapılar arxasında keçirilən məhkəmə iclasında iştirak edə bilməyib.

Yeni iş keçmiş vəkilin bir neçə vətəndaşa, o cümlədən xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlara 1,5 milyon rubl dəyərində pilotsuz təyyarə almağı təklif etdiyi uğursuz sövdələşməni əhatə edə bilər. Paşayev onlardan pul alıb, lakin öhdəliklərini yerinə yetirməyib. Bu səbəbdən Zaxarov vəkilin dələduzluq hərəkətləri barədə ərizə yazıb.

Qeyd edək ki, Paşayev 2024-cü ilin sentyabrında Moskvada saxlanılıb.