ABŞ prezidenti Co Baydenin administrasiyası Kubanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarmağı planlaşdırır,

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə  ABŞ administrasiyasının rəsmiləri bildirib. 

Onların məlumatına görə, Amerika hakimiyyəti yanvarın 14-də müvafiq açıqlama verə bilər. Eyni zamanda, agentlik qeyd edir ki, Kuba ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən sonra gələn həftə yuxarıda qeyd olunan siyahıya qayıda bilər, çünki ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubio ada dövlətinə qarşı məhdudlaşdırıcı tədbirlərin qızğın tərəfdarıdır. 

ABŞ 1961-ci ildə adadakı Amerika mülkiyyətinin milliləşdirilməsinə cavab olaraq Kuba ilə diplomatik əlaqələri kəsdi, daha sonra isə ticarət və iqtisadi embarqo elan etdi.

2014-cü ilin dekabrında ABŞ-ın ozamankı prezidenti Barak Obama Vaşinqtonun Havana ilə bağlı əvvəlki siyasətinin nəticə vermədiyini etiraf edib və ikitərəfli əlaqələrin normallaşdırılması və sanksiyaların yumşaldılması istiqamətində addımlar atdığını bəyan edib. 2015-ci ildə Obama administrasiyası da Kubanı ABŞ-ın terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxaracağını elan etmişdi.