Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Məhəmməd Xiyabani küçəsində qanunsuz olaraq kəsilən heyvanların qanının küçəyə axıdılması ilə bağlı ərazidə yaşayan sakinlərin müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri, Yasamal Rayon İcra Hakimiyyəti və polis orqanlarının əməkdaşları ilə birlikdə həmin ünvanda reyd keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, həmin ünvanda fiziki şəxs Cümşüdov Rövşən Vəli oğluna məxsus fərdi yaşayış evinin həyətində iribuynuzlu heyvanların saxlanıldığı, baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan şəraitdə qanunsuz ət satışı məqsədi ilə heç bir norma və qayda gözlənilmədən heyvanların kəsildiyi aşkar edilib.

Birgə tədbirlər nəticəsində qanunsuz fəaliyyətin qarşısı alınıb, o cümlədən qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Həmçinin reyd zamanı baytarlıq ekspertizasından keçməyən mənşəyi məlum olmayan 100 kiloqram istehlaka yararsız ət aşkarlanıb və satışının qarşısı alınıb.

Müayinələrin aparılması üçün nümunələr götürülərək müvafiq laboratoriyaya təqdim edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.