İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir istefa verib və onun rəhbərlik etdiyi "Yəhudi Gücü" partiyası Qəzza zolağında girovların azad edilməsi razılaşmasına və atəşkəsə etiraz olaraq Benyamin Netanyahunun hökumət koalisiyasını tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Ben-Qvir yanvarın 16-da mətbuat konfransı keçirərək, İsrail hökumətinin girovların azad edilməsi və Qəzza zolağında yanğına son qoyulması ilə bağlı razılaşmanı təsdiqləyəcəyi təqdirdə istefa verəcəyini bildirmişdi. O qeyd edib ki, partiyası anklavda yenidən müharibə başlayacağı təqdirdə geri dönməyə hazır olacaq.

Ben-Qvirlə yanaşı, "Yəhudi gücü" partiyasından olan daha iki nazir də istefa ərizəsini təqdim edib. Onlar İsrailin irs naziri Negev Qaliley və milli davamlılıq naziri Yitzhak Vasserlaufdur.