Yanvarın 22-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu Qasımzadə İnqlab Füzuli oğlunun Zığ qəsəbə qəbiristanlığında məzarını ziyarət edərək doğmalarına dərin hüznlə başsağlığı verib.

"Unikal" xəbər verir ki, açılan ehsan süfrəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

RİH başçısı Adil Əliyev bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə mənfur düşmənə ağır zərbə vuran, layiqli dərs verən, adlarını qəhrəmanlıq salnaməsinə yazmaqla Vətənin bölünməzliyinə imza atan Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların doğmalarına, ailə üzvlərinə təskinlik verərək diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcumuz, ən ümdə vəzifəmizdir. Hər biri bir qəhrəmanlıq dastanı olan Şəhidlərimizlə qürur duyur, onların ruhunu ehtiramla yad edirik.