Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir.

"Unikal" xəbər verir ki, “Azərpoçt” MMC növbəti poçt məntəqəsini Şuşa şəhərində açıb. AZ5800 indeksli poçt filialı Şuşa şəhəri Zəfər küçəsində yerləşən Dövlət Xidmətləri Mərkəzinin daxilində fəaliyyət göstərəcək.

Belə ki, poçt məntəqəsində universal poçt xidmətləri (məktub, teleqram və bağlama göndərişləri), maliyyə yığımları və karqo xidmətləri təşkil olunacaq.

Poçt filialının iş rejimi bazar ertəsi – şənbə günləri saat 09:00 – 17:00 aralığında, bazar günləri isə 09:00 – 16:00 aralığında müəyyən edilib.

Qeyd edək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda Poçt şöbəsi 2020-ci, Xankəndi Poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə Poçt şöbəsi yaradılıb, 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.

Poçt xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün vətəndaşlar azerpost.az veb-saytını ziyarət edə və ya “169” Çağrı mərkəzi ilə əlaqə qura bilərlər.