Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində rəsmi səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirib və əməkdaşlıq sahələrində yeni perspektivlərə imza atıb.
"Unikal" xəbər verir ki, səfər zamanı UNEC ilə Daşkənd Beynəlxalq Universiteti (DBU), Bank-Maliyyə Akademiyası (BMA), Daşkənd Dövlət İqtisad Universiteti (DDİU) və Özbəkistan Milli Universiteti (ÖMU) arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müqavilələr imzalanıb.
İlk olaraq, UNEC nümayəndə heyəti Daşkənd Beynəlxalq Universitetində (DBU) olub. UNEC rektoru prof. Ədalət Muradov və DBU-nun İcraçı Direktoru İskandar Yuldaşev arasında keçirilən müzakirələrdə universitetlərarası əməkdaşlıq və ortaq layihələr barədə fikir mübadiləsi aparılıb. Görüşün nəticəsi olaraq, tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Daha sonra UNEC nümayəndə heyətinin Özbəkistanın Bank-Maliyyə Akademiyasında (BMA) görüşü keçirilib. BMA-nın rektoru professor Elmurod Hoshimov ilə təşkil olunan görüşdə ali təhsil sahəsindəki qlobal çağırışlar və rəqəmsal transformasiya barədə müzakirələr aparılıb. Müzakirələrin sonunda UNEC və BMA arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə memorandum imzalanıb.
Növbəti işgüzar səfər isə 50 minə yaxın tələbə heyəti ilə Özbəkistanın ən nüfuzlu və perspektivli ali təhsil ocaqlarından biri olan Daşkənd Dövlət İqtisad Universitetinə (DDİU) olub. UNEC rektoru Ədalət Muradov və DDİU-nun rektoru professor Tulkin Teşabayev arasında əməkdaşlıq sahələri müzakirə olunub və mümorandum imzalanıb. Memoranduma əsasən, UNEC və DDİU arasında ilkin olaraq, MBA proqramları üzrə ikili diplom proqramının həyata keçirilməsi qərara alınıb.
UNEC ilə Özbəkistanın Dayanıqlı İnkişaf Mərkəzi arasında da önəmli əməkdaşlıq əlaqələri qurulub. Belə ki, Özbəkistan Dayanıqlı İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Marifcan Usmanovun iştirakı ilə keçirilən görüşdə UNEC-in Nizami Gəncəvi adına Davamlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumda Azərbaycan və Özbəkistanla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan digər ölkələrdə qlobal və milli inkişaf məqsədlərinin tətbiqi vəziyyətinin öyrənilməsi məqsədilə birgə elmi layihələrin hazırlanması, beynəlxalq konfransların keçirilməsi, təcrübə mübadiləsi, müştərək elmi məqalə və jurnalların nəşri nəzərdə tutulub.
UNEC-in növbəti əməkdaşlığı Özbəkistan Milli Universiteti (ÖMU) ilə baş tutub. Belə ki, ÖMU-nun rektoru, professor İnom Məcidov ilə UNEC nümayəndələri arasında əməkdaşlıq istiqamətlərində geniş müzakirələr aparılıb. Görüşdə təhsil sektorunun müasir çağırışları, bu sahədəki uğurlu yanaşmalar, həmçinin, təhsil və elmin rəqəmsallaşması, müasir təhsil texnologiyalarının tətbiqi və beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Müzakirələrin yekunu olaraq, UNEC və ÖMU arasında elm və təhsil sahəsində yeni imkanların yaradılmasını və gələcəkdə daha sıx əməkdaşlıq imkanlarını özündə ehtiva edən əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda hər iki universitet arasında ikili diplom proqramının həyata keçirilməsi nəzərdə tutulub.