46 nəfərdən dəyərindən qat-qat aşağı qiymətə aviabilet təşkil etmək adı ilə xüsusi külli miqdarda pul alan qadının məhkəmə prosesində hökm elan olunub. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Mələk Zeynalova son sözlə çıxış edib. 

Xatırladaq ki, dövlət ittihamçısı Ergin Qafarov ötən məhkəmə prosesində Mələk Zeynalovanın 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. 

Hakimlər müşavirə otağından qayıtdıqdan sonra Mələk Zeynalovaya hökm oxunub. Hökmə əsasən M. Zeynalova 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Cinayət işinin materiallarına görə, DİN-ə naməlum şəxsin çoxsaylı vətəndaşları xarici ölkələrə dəyərindən qat-qat aşağı qiymətə aviabilet və tur paketlərin satışını təşkil edəcəyi adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçirdiyi barədə məlumatlar daxil olub. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində müəyyən olunub ki, qeyd edilən qanunsuz əməl Bakı şəhər sakini Zeynalova Mələk Nazim qızı tərəfindən törədilib. Dələduzluqda şübhəli bilinən həmin şəxsin yeri DİN-in əməkdaşları tərəfindən müəyyən edilib və o, qısa zamanda saxlanılaraq istintaqa təqdim olunub.

Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp" ani mesajlaşma proqramında xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadıb zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.

İlkin mərhələdə Mələk Zeynalova aviabilet və aviatur almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan Mələk Zeynalovaya etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 500 min manat məbləğində maddi ziyan vurub.

Seymur Əli