Vaşinqtonda Kanzas ştatının Viçita şəhərindən uçan PSA Airlines Bombardier CRJ700 sərnişin təyyarəsi Reyqan hava limanına enərkən UH-60 Black Hawk hərbi helikopteri ilə toqquşub.

"Unikal" xəbər verir ki, nəticədə təyyarə iki hissəyə bölünərək Potomak çayına düşüb.

Bombardier CRJ700-ün göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü olub. Təlim uçuşu həyata keçirən helikopterdə üç nəfər var idi.  

Qəza nəticəsində ölənlərin dəqiq sayı hələlik məlum deyil. BNO News-un məlumatına görə, Potomak çayından artıq 19 nəfərin cəsədi çıxarılıb. Hələlik sağ qalan tapılmayıb.

Axtarış əməliyyatlarında 300-dən çox xilasedici iştirak edir. Buraya polis məmurları, yanğınsöndürənlər, tibb işçiləri, ABŞ Sahil Mühafizəsinin əməkdaşları və FTB əməkdaşları da daxildir.  

ABŞ prezidenti Donald Tramp qəzanı "dəhşətli insident" adlandırıb və bildirib ki, hərbi helikopter istiqamətini dəyişsəydi, bunun qarşısını almaq olardı.